2023-cü il mayın 31-də Yevlax şəhər 2 saylı tam orta məktəbdə Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda mühazirə keçirilib. Mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti, Yevlax şəhəri ümumi təhsil məktəblərinin direktorları, müəllim və şagird kollektivi üzvləri iştirak ediblər.
Mühazirədə giriş sözü ilə çıxış edən Yevlax şəhər 2 saylı tam orta məktəbin direktoru Sədaqət Şükürova və MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının önəmindən bəhs edib və bu baxımdan hazırki mühazirənin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra, tədbirin proqramına uyğun olaraq mühazirələr dinlənilib.
MDU-nun Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” və müəllimi Mirzə Cavadov “Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafında rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan mühazirələrdən sonra Yevlax şəhər ümumi təhsil məktəblərinin direktorları və 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Liderə həsr olunan məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, sözügedən mühazirə 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilib. Tədbirlər Planı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva edir. Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlardan MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdləri faydalana biləcəklər.