Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 17 may – Ümumdünya Telekommunikasiya Gününə həsr olunmuş “XXI əsrin Rəqəmsal Çağırışları: Süni İntellekt, Kibertəhlükəsizlik, Davamlı Enerji və İnsan Kapitalı” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfransın əsas məqsədi Azərbaycanda rəqəmsal inkişafın prioritet istiqamətlərinə uyğun olaraq elmi diskussiya platformasının yaradılması, müasir texnoloji çağırışların sistemli şəkildə təhlili və onların həlli yollarının müzakirəsidir. Tədbir çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, davamlı enerji və insan kapitalının inkişafı kimi mühüm istiqamətlər üzrə aktual məsələlər diqqət mərkəzində olacaq.
Tədbirdə Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin nümayəndələri, alimlər, tədqiqatçılar və sahə üzrə mütəxəssislər iştirak edərək müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. Konfrans iki panel üzrə təşkil olunacaq. Birinci paneldə süni intellekt və rəqəmsal transformasiya kontekstində davamlı enerji, rəqəmsal iqtisadiyyat və insan kapitalı məsələləri müzakirə olunacaq. İkinci panel isə kibertəhlükəsizlik və davamlı rəqəmsal inkişaf sahəsində yeni çağırışlar və həll yollarına həsr ediləcək.
Məruzələrdə süni intellekt texnologiyalarının gələcəyi, virtual reallıq, enerji sistemlərində innovativ yanaşmalar, “ağıllı şəhər” infrastrukturu, kibertəhlükəsizlikdə yeni risklər, süni intellekt əsaslı hücumlar, eləcə də rəqəmsal bacarıqların inkişafı kimi aktual mövzular geniş şəkildə işıqlandırılacaq.
Konfrans, həmçinin, Azərbaycan Respublikasında qəbul edilmiş strateji sənədlər – informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası və rəqəmsal iqtisadiyyatın inkişafı üzrə prioritetlərin elmi müstəvidə təhlilinə mühüm töhfə verəcək.
Tədbirin keçirilməsi universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi, beynəlxalq elmi inteqrasiyanın genişləndirilməsi və innovativ tədqiqat mühitinin formalaşdırılması baxımından əhəmiyyətli platforma rolunu oynayır.
Qeyd edək ki, informasiya təhlükəsizliyi və rəqəmsal inkişafın əhəmiyyəti İlham Əliyev tərəfindən dəfələrlə vurğulanaraq, bu sahənin ölkənin davamlı inkişafında strateji rol oynadığı bildirilib.
Konfransın nəticələrinin gələcəkdə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə, innovativ texnologiyaların tətbiqinə və insan kapitalının inkişafına töhfə verəcəyi gözlənilir.