Dəfələrlə soyqırıma məruz qalan xalqın bir nümayəndəsi olaraq soyqırım anlayışı, onun mahiyyəti mənə maraqlı gəldi və bu istiqamətdə araşdırma aparmaq qərarına gəldim. Araşdırmalarımın nəticələrini burada sizlərlə paylaşıram.
“Soyqırım” bir sosial-kulturoloji anlayış kimi ümumən bir etnosun məhvini nəzərdə tutur. Bu sözün istər Azərbaycan türkcəsindəki (soyun – nəslin məhvi), istərsə də rus dilində mənası (“qenotsid” – genin məhvi) bir xalqın uşaq-böyük, kişi-qadın fərq qoymadan öldürülməsi, yox edilməsi deməkdir. Ermənilər artıq üç əsrə təsadüf edən müddətdə türk adına patoloji nifrətlə yanaşır, onu yer üzündən silmək üçün ağlagəlməz vəhşiliklərə əl atırlar. Ancaq türk etnosu hər bir genosid faciəsindən sonra ayaq üstə qalxmağı, dirçəlməyi, güclənməyi bacarır. Faciələr türkü sarsıtmır, əksinə, onun yaşam potensialını daha da gücləndirir.
Dünya isə erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü halda bu oyunçuluğa daha da imkan yaradır. Erməninin məqsədi türkü dəyərsizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxarmaqdır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl şəkildə yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar.
1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, “məzlum” erməni xalqının nümayəndələri də özlərini “müdafiə” etməyə məcbur olublar. Ermənilər əksər hallarda dediklərinin bir-birinin əksini təşkil edən “sənədlər”də uydurublar, “erməni soyqırımı”nı “təsdiq edən” kitablar yazıblar, ya da başqalarına yazdırıblar.
Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi bəşəri səviyyədə cinayətdir, soyqırımdır. Əslində, Qarabağ problemi bütün Türk Dünyasının başlıca problemi olmuşdur. “Yersiz gəldi, yerli qaç” prinsipiylə yaşayan, qatilliyi yaşamının mənası sayan erməninin sabahı yoxdur.
Soyqırım anlayışının mənasını aydınlaşdırmaq üçün onun tarixi kökünü və mahiyyətini araşdırmaq lazımdır. Soyqırım (“genocide”) sözü yunanca “irq” və ya “qəbilə” kimi tərcümə edilən “geno” və latınca “qətl” mənasını verən “cide” sözünün birləşməsindən yaranmışdır. İlk dəfə olaraq elmə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin (1900-1959) tərəfindən gətirilib. O, bu anlayışı müharibə şəraitində olan və işğal edilmiş Avropada vətəndaşlara qarşı törədilən vəhşilikləri təsvir etmək üçün istifadə etmişdir. Onun sözlərinə görə, soyqırım yalnız hüquqi “normadan” kənara çıxmaq deyil, həm də dəqiq müəyyən məqsədlərə nail olmaq üçün qəsdən törədilmiş cinayət, bəzən dövlətçilik elementləri ilə konsentrasiya olunmuş və əlaqələndirilmiş hücumdur.
Bəzən Soyqırım və qətliamı eyniləşdirirlər, lakin bunlar fərqli anlayışlardır. Soyqırım bir irq, qrupun üzvlərini tamamilə və ya bir qismən soylarını yox etməkdirsə, qətliam isə özünü müdafiə gücü olmayan insanları amansızcasına öldürməkdir. Burada soyun, irqin tamamilə yox olma düşüncəsi yoxdur.
Soyqırımın həyata keçirilməsinin arxasında çox hallarda istisnasız olaraq dövlətin durduğunun şahidi oluruq. Çox təəssüf ki, dövlət tərəfindən planlaşdırılan sistemli şəkildə məhvetmə prosesi, soyqırım mövzusundan siyasi məqsədlər üçün istifadə etmək təcrübəsi bu günümüzdə də görə bilərik. Lakin buna genosid adı yox, “demosid” (democide) adı verilmişdir. Demosid – sözü yunan mənşəli olub, “xalq” və “öldürmə” sözlərindən ibarətdir. Bu anlayışı Havay Universitetinin (ABŞ) professoru R.Rammel belə izah edir: “Demosid” “ölkədəki bir iqtidarın qərarları nəticəsində reallaşan (genosid, soyqırım), politisid (siyasi qırğın) və kütləvi qiyamlara daxil olan hər cür ölümdür. Burada dövlətin rolu istiqamətvericidir.
Etnik təmizlik – bir etnik qrupa mənsub insanları zorla yerlərini tərk etdirməkdir. Etnik təmizləmədə soyqırım aspektləri var, hətta bəzi hallarda etnik təmizləmə soyqırıma səbəb olur. Lakin qeyd etdiyimiz kimi, soyqırımda bir hissənin və ya bütün millətin, dini və ya etnik qrupun məqsədyönlü öldürülməsidirsə, etnik təmizləmə xalqın müəyyən bir ərazidən qovulması məqsədi daşıyan vasitədir. Buna misal olaraq II Dünya Müharibəsindən sonra 14 milyon almanın birbaşa deportasiya edilməsini qeyd edə bilərik. Bu müasir tarixdə bir etnik qrupun ən böyük köçürülməsidir.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan xalqına qarşı da zaman-zaman ermənilər tərəfindən soyqırım kimi cinayətlərin həyata keçirildiyini görə bilərik. Ən son nümunəsi isə Xocalı soyqırımını göstərmək olar. XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırımdır. Xocalı Ermənistan hərbi dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bununla kifayətlənməyən azğınlar əsl vəhşilik nümayiş etdirdilər, öldürdükləri insanların cəsədləri üzərində misli görünməmiş vəhşiliklər törətdilər. Bu, bir millətin kimliyinə və mövcudluğuna vurulan zərbədən, bir millətin soyunu kəsmək məqsədindən başqa bir şey deyildi. Rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir; 56 insan işgəncə ilə öldürülmüşdür; 27 ailənin yalnız 1 üzvü qalmışdır; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 230 ailə öz başçısını itirmişdir; 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); 1275 nəfər əsir götürülmüşdür; 1165 insan girovluqdan azad edilmişdir; 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Bütün bu deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, soyqırım ağır bir insanlıq cinayəti, böyük bir faciədir və onun araşdırılması gələcəkdə baş verməməsi baxımından çox vacibdir. Məhz bu vəhşiliyin qarşısının alınması yolunda tədbirləri təkcə dövlət siyasəti və ya hüquq məsələsi qismində həll etmək düzgün olmazdı. Soyqırımın sona çatmasının labüdlüyünü bütün dünya insanları rasional olaraq başa düşməli və bu istiqamətdə çalışmaq lazım olduğunu anlamalıdır. Belə bir ağır cinayət hadisəsi mütləq cəzalandırılmalıdır. Cəzasızlıq soyqırım və digər belə halların inkişafına kömək edə bilər. Bu cür halların təkrarlanmaması insanlar tərəfindən rasioanal olaraq dərk edilməlidir. Yəni insanlar təbii qanunları (özünü qoruma instinkti və ya cazibə qanunu və s. kimi) qəbul etdikləri kimi, bu cür vəhşilikləri törədilməməsini anlamalı və təbii bir qanun kimi başa düşməlidirlər. Cəmiyyət yalnız bu mütləq təbii qanunların bəşəriyyət tərəfindən qəbul olunacağı an ideal bir vəziyyətə çata bilər. Yalnız düşünən, rasional insan bəşəriyyəti xoşbəxtliyə apara bilər. Burada biz fransız filosofu Rene Dekartın hələ 1637-ci ildə yazdığı “Metod üzərinə mühazirələr” kitabında yazdığı “düşünürəm, deməli varam!” (lat.“cogito ergo sum”) cümləsini yada salırıq. Deməli, var olmaq üçün, mövcudluğumuzu davam etmək üçün düşünmək, anlamaq bizim yeganə çıxış yolumuzdur. Heç bir dövlət siyasəti və digər səbəblər insan həyatının yox olmasına dəlalət edə bilməz. Dünyadakı baş verən müharibələri, soyqırım və buna bənzər zorakılıqların qarşısını almaq üçün bəşəriyyət insanpərvərlik ruhunda inkişaf etməli və dövlət səviyyəsində humanizm prinsipləri, insan hüquqları gücləndirilməli, davamlı sülh və təhlükəsizlik təmin edilməlidir.
Ayna Babazadə,
MDU-nun Humanitar fənlər kafedrasının müəllimi