Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu və 2024-cü il üzrə Birgə Fəaliyyət Planı uğurla icra olunur.
İnstitutun baş direktoru professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub.
Professor Misir Mərdanov, professor Ədalət Axundov və dosent Əbdürrəhim Quliyev MDU-da ustad dərsləri veriblər. Ustad dərslərində MDU-nun Riyaziyyat kafedrasının bütün əməkdaşları, “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbə və magistrantlar, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində Riyaziyyat fənnini tədris edən bir qrup müəllim iştirak ediblər.
Sonda iştirakçılara Riyaziyyat və Mexanika İnstitutu adından kitablar hədiyyə edilib.
Konkret mövzulara həsr olunan və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri davamlı əsaslarda təşkil ediləcəkdir.
Səfər müddətində Birgə Fəaliyyət Planının müvafiq bəndləri üzrə reallaşdırılacaq növbəti fəaliyyətlər razılaşdırılıb.
Qeyd edək ki, MDU-da elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq diqqətdə saxlanılır. Qarşılıqlı faydalı əsasda reallaşdırılan bu əməkdaşlığın elm və ali təhsilin inteqrasiyasına töhfələr verəcəyi hədəflənir