Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”nda Mingəçevir Dövlət Universiteti (MDU) nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdən əvvəl konfrans iştirakçıları BMU-nun inzibati binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev, Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Cari ilin noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini deyən Yaqub Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb. Rektor COP29-la bağlı bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda keçirilən və əsas mövzuları Böyük Qayıdış konsepsiyası, yaşıl enerji, süni intellekt olan gənc tədqiqatçıların konfransının ekoloji problemlər, yaşıl enerji ilə bağlı elmi baxışların bölüşdürülməsi üçün böyük fürsət olduğunu bildirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov qabaqcıl elmi sahələrdə tədqiqatların aparılması, elmi trendlərin sürətlə dəyişməsi, yeni elmi tendensiyalar üzrə proqnozlar, qlobal elmi resurslara çıxışın təmin olunması, süni intellektin idarə olunması kimi məsələlərlə bağlı fikirlərini paylaşıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dövlət tərəfindən həyata keçirilən uğurlu ekoloji siyasətdən söz açıb. Azərbaycanın növbəti illər üçün sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin məhz “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu xüsusi vurğulayan komitə sədri qlobal iqlim dəyişiklikləri, ekoloji disbalans kimi beynəlxalq müstəvidə yer alan problemlər barədə danışıb.
Konfransın açılış tədbirində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Ümummilli Liderin və Prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafındakı müstəsna xidmətlərinə diqqət çəkib. MDU-nun region universiteti olaraq belə bir mötəbər konfransda 11 nəfərlik nümayəndə ilə iştirak etməsindən böyük şərəf duyduqlarını fikirlərinə əlavə edən rektor elmi araşdırmalar üçün universitetlər arasında əməkdaşlığın qurulmasının mümkünlüyünə toxunub. Şahin Bayramov konfransın əhatə etdiyi sahələrin davamlı inkişafı istiqamətində son illər atılan addımlar, eləcə də ali təhsil müəssisələrinin qarşısında duran mühüm missiya və vəzifələrdən söz açıb. Ş.Bayramov həmçinin yüksək təşkilatçılığa və dəvətə görə BMU-nun rektoru hörmətli Yaqub Piriyevə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib və sonda məruzəçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransa 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərilib. Onlardan 548-nin konfransın proqramına daxil edilib. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələr təqdim olunub.
Qeyd edək ki, gənc tədqiqatçıların nailiyyətlərini ictimaiyyətə çatdırmaq, tədqiqat işlərinə marağın artırılması baxımından əhəmiyyət kəsb edən ikigünlük konfransda iştirakçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış edəcək.