Müasir dünyada şəhərlər yalnız insanların yaşadığı məkanlar olmaqla məhdudlaşmır, eyni zamanda sosial, mədəni və iqtisadi fəaliyyətlərin cəmləşdiyi əsas mərkəzlər kimi çıxış edir və bu səbəbdən də onların inkişaf dinamikası müasir urban tədqiqatların ən aktual istiqamətlərindən biri hesab olunur. Qloballaşma və urbanizasiya proseslərinin sürətlənməsi şəhərlərin funksional strukturu və inkişaf strategiyaları ilə bağlı məsələlərin daha dərindən araşdırılmasını zəruri etmiş, nəticədə şəhərsalma planlarının və memarlıq mühitinin elmi əsaslarla öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bu kontekstdə şəhərsalma və memarlıq şəhər mühitinin keyfiyyətinin yüksəldilməsində, şəhərlərin iqtisadi potensialının artırılmasında və turizm imkanlarının genişləndirilməsində həlledici rol oynayan əsas amillər kimi çıxış edir. Onlar yalnız fiziki məkanın formalaşdırılması ilə məhdudlaşmır, həm də şəhərin sosial, iqtisadi və mədəni inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji vasitələrdən biri kimi qiymətləndirilir. Müasir şəhərsalma tədqiqatları göstərir ki, şəhərlərin rəqabət qabiliyyətinin formalaşmasında əsas rol oynayan amillərdən biri şəhər məkanının səmərəli planlaşdırılması və memarlıq mühitinin ahəngdar şəkildə inkişaf etdirilməsidir.
Şəhər ərazisinin funksional təşkili, məkan strukturunun formalaşdırılması və şəhərin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi prosesi ümumilikdə şəhərsalma anlayışı ilə ifadə olunur. Bu proses çərçivəsində yaşayış zonaları, ticarət və xidmət sahələri, nəqliyyat infrastrukturu, rekreasiya məkanları və ictimai fəaliyyət sahələri qarşılıqlı əlaqəli şəkildə planlaşdırılır və şəhərin vahid urban sistem kimi formalaşması təmin edilir. Şəhər məkanının estetik və mədəni xarakterinin formalaşmasında isə memarlıq mühüm rol oynayır, çünki memarlıq nümunələri şəhərlərin vizual simasını müəyyən etməklə yanaşı, insanların həmin şəhərləri necə qavradıqlarına da birbaşa təsir göstərir. Eyni zamanda memarlıq abidələri və tarixi urban strukturlar şəhərlərin mədəni və tarixi identikliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan şəhərsalma və memarlıq yalnız fiziki məkanın təşkili ilə əlaqəli sahələr kimi deyil, həm də şəhərin sosial və iqtisadi inkişafına təsir edən əsas elementlərdən biri kimi qiymətləndirilir.
Müasir şəhər iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biri turizm sənayesidir və bir çox ölkələrdə turizm şəhər iqtisadiyyatının əsas gəlir mənbələrindən biri hesab olunur. Turizm sektorunun inkişafı hotellər, restoranlar, nəqliyyat xidmətləri, ticarət obyektləri və müxtəlif xidmət sahələrinin genişlənməsinə səbəb olmaqla şəhər iqtisadiyyatında yeni iqtisadi imkanların yaranmasına və əlavə məşğulluq imkanlarının formalaşmasına şərait yaradır. Bu proses nəticəsində xidmət sektorunun inkişafı sürətlənir və şəhər iqtisadiyyatında yeni iş yerləri yaradılır. Bu baxımdan turizm və şəhərsalma arasında qarşılıqlı əlaqənin mövcudluğu xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Turizm sənayesinin inkişafına şəhərsalma müxtəlif istiqamətlərdə təsir göstərir. İlk növbədə, şəhərin fiziki mühitinin estetik baxımdan cəlbedici və funksional baxımdan rahat təşkil olunması turistlərin şəhərə marağını artıran əsas amillərdən biri hesab olunur. Geniş piyada zonaları, parklar, ictimai meydanlar, tarixi məhəllələr və müasir memarlıq nümunələri turistləri şəhərdə daha uzun müddət qalmağa və müxtəlif xidmətlərdən istifadə etməyə təşviq edir ki, bu da nəticə etibarilə turizm gəlirlərinin artmasına və şəhər iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.
Digər tərəfdən şəhərsalma turizm infrastrukturlarının inkişafı üçün əlverişli şərait yaradan mühüm amillərdən biri kimi çıxış edir. Nəqliyyat sistemlərinin inkişaf etdirilməsi, hava limanlarının, dəmir yolu xətlərinin, mehmanxanaların və turizm obyektlərinin düzgün və strateji şəkildə yerləşdirilməsi turistlərin şəhər daxilində rahat hərəkət etməsinə və şəhər mühitindən daha səmərəli istifadə etməsinə imkan yaradır. Bu baxımdan şəhərsalma turizmin inkişafı üçün mühüm strateji alət kimi qiymətləndirilir.
Şəhərlərin turizm potensialının formalaşmasında mühüm rol oynayan əsas amillərdən biri də onların tarixi memarlıq irsidir. Tarixi abidələr, qədim küçələr, memarlıq kompleksləri və mədəni landşaft elementləri şəhərlərin ən cəlbedici turizm məkanları hesab olunur. Dünyanın bir çox şəhərlərində turizm strategiyalarının əsas istiqamətlərindən biri tarixi memarlıq irsinin qorunması və bərpası ilə bağlıdır. Tarixi şəhər mərkəzlərinin qorunub saxlanılması şəhərlərin mədəni identikliyinin qorunmasına xidmət etməklə yanaşı, onların turizm cəlbediciliyinin artırılmasına da mühüm töhfə verir.
Müasir dövrdə zəngin memarlıq irsinin qorunması və şəhərsalma prinsipləri ilə uyğunlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Məhz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması barədə 22 dekabr 2025-ci il tarixində imzaladığı Sərancam ölkədə urbanizasiya proseslərinə yenidən baxılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu qərar təkcə şəhərlərin planlaşdırılması ilə məhdudlaşmır, eyni zamanda regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhali yükünün balanslı bölüşdürülməsi və dayanıqlı inkişaf modelinin formalaşdırılması məqsədi daşıyır. Şəhərsalma siyasətinin mərkəzində artıq yalnız paytaxt deyil, ölkənin bütün regionlarının potensialının düzgün istiqamətləndirilməsi dayanır.
Qərarın qəbul edilməsi şəhərsalma və memarlıq sahəsinin inkişafına yeni impuls vermək məqsədi daşıyır. Sərəncamda qeyd olunur ki, Azərbaycanın şəhərləri zəngin memarlıq və şəhərsalma ənənələrinə malik olmaqla tarix boyu ölkənin iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Bu təşəbbüs çərçivəsində şəhərsalma və memarlıq sahəsində müxtəlif tədbirlərin keçirilməsi, elmi konfransların və sərgilərin təşkili, memarlıq irsinin qorunması və urban inkişaf strategiyalarının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu qərarın mümkün təsirləri bir neçə istiqamətdə özünü göstərə bilər. İlk növbədə, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələrin artması şəhərlərin infrastrukturunun inkişafına və urban mühitin keyfiyyətinin yüksəldilməsinə səbəb ola bilər. Parkların və ictimai məkanların genişləndirilməsi, nəqliyyat sistemlərinin modernləşdirilməsi və yeni urban layihələrin həyata keçirilməsi şəhərlərin həm yaşayış, həm də turizm baxımından daha cəlbedici olmasına imkan yarada bilər.
Memarlıq irsinin qorunması bu qərarın digər mühüm təsir istiqamətlərindən biridir. Tarixi abidələrin bərpası və restavrasiyası şəhərlərin mədəni identikliyinin qorunmasına xidmət etməklə yanaşı, onların turizm potensialının artırılmasına da mühüm töhfə verir. Tarixi memarlıq abidələri şəhərlərin əsas turistik cazibə mərkəzlərindən biri hesab olunur və onların qorunması turizm sənayesinin uzunmüddətli inkişafına zəmanət verir.
Üçüncü mühüm təsir isə iqtisadi sahədə özünü göstərir. Şəhərsalma layihələrinin həyata keçirilməsi tikinti sektorunun inkişafına, yeni investisiyaların cəlb edilməsinə və xidmət sektorunun genişlənməsinə səbəb olur. Bu proses şəhərlərin iqtisadi fəallığını artırır və onların regional iqtisadi mərkəzlərə çevrilməsi üçün əlverişli şərait yaradır.
Bu proseslərin konkret nəticələrini Azərbaycanın şəhərlərində də müşahidə etmək mümkündür. Xüsusilə son illərdə həyata keçirilən şəhərsalma layihələri nəticəsində paytaxt Bakı şəhəri regionun mühüm turizm və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Şəhərin inkişafında tarixi memarlıq irsinin qorunması ilə müasir memarlıq nümunələrinin harmonik şəkildə birləşdirilməsi mühüm rol oynamışdır. Beləki, şəhərin qədim hissəsi olan İçərişəhər Azərbaycanın ən mühüm tarixi-memarlıq komplekslərindən biri hesab olunur və burada yerləşən qədim yaşayış evləri, karvansaralar və müdafiə divarları şəhərin tarixi urban strukturunu qoruyub saxlayaraq mədəni turizmin inkişafına mühüm töhfə verir.
Digər tərəfdən Bakının müasir memarlıq layihələri də şəhərin beynəlxalq turizm imicinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan şəhərin simvollarından biri hesab olunan Flame Towers kompleksi müasir memarlıq və urban dizaynın parlaq nümunələrindən biri kimi çıxış edir. Həmçinin innovativ memarlıq forması ilə seçilən Heydər Əliyev Mərkəzi şəhərin beynəlxalq səviyyədə tanınmasına və turizm marağının artmasına mühüm təsir göstərmişdir.
Azərbaycanın digər şəhərlərində də şəhərsalma və memarlıq turizmin inkişafında mühüm rol oynayır. Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri zəngin memarlıq irsi və mədəni abidələri ilə tanınır və şəhərin bərpası istiqamətində həyata keçirilən layihələr memarlıq irsinin qorunması ilə yanaşı, turizm potensialının artırılmasına da xidmət edir.
Müasir urban inkişaf strategiyalarında dayanıqlı şəhərsalma prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Yaşıl zonaların genişləndirilməsi, ekoloji tarazlığın qorunması, piyada və velosiped infrastrukturunun inkişafı və ictimai məkanların optimallaşdırılması şəhərlərin həm yaşayış, həm də turizm baxımından cəlbediciliyini artırır. Dayanıqlı şəhər mühitinin formalaşdırılması turistlər üçün daha komfortlu və təhlükəsiz urban məkanın yaradılmasına şərait yaradır.
Şəhərsalma və memarlıq şəhərlərin turizm və iqtisadi inkişafında strateji rol oynayan əsas amillərdən biridir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisi olmaqla yanaşı, urban inkişaf siyasətinin daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Tarixi memarlıq irsinin qorunması, müasir urban layihələrin həyata keçirilməsi və şəhər mühitinin təkmilləşdirilməsi Azərbaycanın şəhərlərinin həm turizm baxımından cəlbediciliyini artıracaq, həm də ölkənin iqtisadi inkişafına uzunmüddətli töhfə verəcəkdir.
Nəsirova Gülnar Aqil qızı
Mingəçevir Dövlət Universiteti
İqtisadiyyat kafedrası müəllimi