Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası: Təhsil keyfiyyəti, beynəlxalq əməkdaşlıq və strateji inkişaf istiqamətində mühüm qərarlar qəbul edilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025-2026-cı tədris ilinin yaz semestri üzrə növbəti iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri və universitetin struktur bölmə rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan rektor Anar Eminov Elmi Şuranın gündəliyində duran məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.

İclasda Pedaqoji fakültənin fəaliyyəti haqqında hesabat dinlənilib, fakültədə tədrisin keyfiyyəti, elmi fəaliyyətin təşkili və tələbələrlə aparılan işlər müzakirə olunub. Eyni zamanda dövlət imtahanı, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti barədə məlumat verilib, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Gündəlikdə yer alan digər məsələ üzrə universitetin 2025-ci il üçün maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat təqdim olunub, mövcud nəticələr təhlil edilərək səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq fəaliyyəti və bu sahədə əldə olunan nəticələr müzakirə olunub, yeni tərəfdaşlıqların qurulması və mövcud əlaqələrin genişləndirilməsi istiqamətində prioritetlər müəyyənləşdirilib.

İclasda həmçinin universitetdə tələbələrlə iş və müxtəlif tədbirlərin təşkili sahəsində görülən işlər haqqında məlumat verilib, tələbə fəallığının artırılması və onların sosial, elmi və mədəni inkişafına yönəlmiş təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İclas cari məsələlərə baxılmaqla davam edib. Cari məsələlər çərçivəsində Mingəçevir Dövlət Universitetinin Elmi-inkişaf Strategiyasının təsdiq edilməsi, “Mingəçevir Dövlət Universiteti – 2026–2030: Strateji İnkişaf Planı”nın yeni redaksiyada hazırlanması və bu məqsədlə işçi qrupunun yaradılması ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının yeni tərkibinin təsdiq edilməsi və fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Bununla yanaşı, universitetin beynəlxalq indeksləşdirilən elmi bazalarda hədəflənən elmi fəaliyyətinin analitik təhlili və kafedralar üzrə öhdəliklərin müəyyənləşdirilməsi məsələləri də müzakirə olunaraq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı fakültələr üzrə yüksək akademik göstəricilərə malik tələbələrə “Fəxri təqaüd”ün verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılovun 80 illik yubileyi və baş müəllim Elşad Allahverdiyevin 75 illik yubileyi münasibətilə mükafatlandırılması məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Sonda, rektor Anar Eminov qəbul edilən qərarların universitetin təhsil keyfiyyətinin yüksəldilməsi, elmi potensialının gücləndirilməsi və beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlarını verib.