Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mübadilə çərçivəsində Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramında iştirak ediblər. 2026-cı ilin 31 mart – 15 aprel tarixlərini əhatə edən iki həftəlik səfər müddətində universitetin İqtisadiyyat və Menecment kafedralarının müəllimləri xarici universitetlərdə akademik təcrübə mübadiləsi apararaq yeni tədris və tədqiqat mühitləri ilə yaxından tanış olublar.
“Orhun Mübadilə Proqramı” çərçivəsində İqtisadiyyat kafedrasının müəllimi Kəmalə Kərimova Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində, Menecment kafedrasının müəllimi Müşfiq Hüseynov isə İstanbul şəhərində fəaliyyət göstərən İstanbul Ticarət Universitetində akademik fəaliyyətlərdə iştirak ediblər. Müəllimlər qəbul edən universitetlərin professor-müəllim heyəti ilə görüşlər keçirib, müvafiq dərslərdə iştirak edib və tədris prosesinin təşkili ilə yaxından tanış olublar.
Səfər çərçivəsində müəllimlər tədris və elmi-tədqiqat mühitinin təşkilinə dair qabaqcıl təcrübələri öyrənib, qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda müxtəlif fakültə və struktur bölmələri ilə keçirilən görüşlər zamanı akademik əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Beynəlxalq akademik mobillik təşəbbüsləri ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi və pedaqoji təcrübə mübadiləsinin təşviqi, eləcə də universitetlərin qlobal akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Mingəçevir Dövlət Universiteti bu istiqamətdə ardıcıl fəaliyyət göstərərək akademik heyətin beynəlxalq proqramlarda iştirakını təşviq edir və universitetlərarası tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir.
Qeyd edək ki, sözügedən səfər türk dövlətlərinin ali təhsil müəssisələri arasında həyata keçirilən akademik mübadilə təşəbbüsü çərçivəsində baş tutub və Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq strategiyasının gücləndirilməsinə töhfə verir.