Mingəçevir Dövlət Universitetində “İqlim maliyyəsi və yaşıl investisiyalar” mövzusunda təlim keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “İqlim maliyyəsi və yaşıl investisiyalar” mövzusuna həsr olunan təlim təşkil edilib. Təlim universitetin İqtisadiyyat kafedrasının müəllimi Aytən Nadirova tərəfindən keçirilib. Təlim çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri geniş müzakirə olunub.

Tədbirdə iştirakçılara iqlim maliyyəsinin mahiyyəti, məqsədləri və qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iqlim maliyyəsi ətraf mühitə mənfi təsirlərin azaldılması, karbon emissiyalarının aşağı salınması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin həyata keçirilməsi məqsədilə ayrılan maliyyə resurslarını əhatə edir. Bu istiqamətdə dövlət, özəl sektor və beynəlxalq təşkilatların rolu xüsusi vurğulanıb.

Təlim zamanı yaşıl investisiyalar anlayışı da izah edilərək, ekoloji cəhətdən təmiz texnologiyalara, bərpa olunan enerji mənbələrinə, enerji səmərəliliyinin artırılmasına və davamlı infrastruktur layihələrinə yönəldilən investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Günəş və külək enerjisi layihələri, tullantıların idarə olunması və “yaşıl şəhər” konsepsiyaları bu sahədə nümunə kimi təqdim edilib.

Bununla yanaşı, yaşıl maliyyə alətləri – yaşıl istiqrazlar, karbon bazarları və davamlı bankçılıq mexanizmləri haqqında məlumat verilib, bu alətlər vasitəsilə investisiya imkanlarının genişləndirilməsi yolları iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin sonunda iqlim maliyyəsinin ölkə iqtisadiyyatına və ekoloji vəziyyətə müsbət təsirləri, eləcə də gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.