Mingəçevir Dövlət Universitetində Quba Soyqırımı Memorial Kompleksinə onlayn ekskursiya təşkil olunub

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə üçüncü kurs və Tarix ixtisası üzrə birinci kurs tələbələri üçün Azərbaycan Tarixi kabinetində Quba Soyqırımı Memorial Kompleksinə onlayn ekskursiya təşkil olunub.

Ekskursiya zamanı kompleksin bələdçisi Orxan Hüseynov tərəfindən iştirakçılara Quba soyqırımının tarixi konteksti, baş vermə səbəbləri, faciənin nəticələri və kompleksin arxitekturasında əks olunan tarixi yaddaş haqqında ətraflı məlumat verilib.

Tələbələr ekskursiya zamanı yalnız məlumat almaqla kifayətlənməyib, eyni zamanda aktiv iştirak edərək suallar ünvanlayıblar. Verilən suallar ətraflı şəkildə cavablandırılıb ki, bu da tələbələrə hadisələri daha dərindən anlamağa və tarixi proseslərin səbəb-nəticə əlaqələrini daha yaxşı qavramağa imkan yaradıb.

Qeyd olunub ki, bu cür dərslər tələbələrin tarixi hadisələri daha canlı şəkildə öyrənməsi, analitik düşünmə bacarıqlarının inkişafı və milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Onlayn ekskursiya formatı isə müasir texnologiyaların tətbiqi ilə tədrisin interaktivliyini artıraraq tələbələrə daha geniş məlumat bazası təqdim edir.

Belə tədbirlər gənc tarixçilərin və gələcək müəllimlərin tarixi dünyagörüşünü zənginləşdirir, onların biliklərini daha sistemli və dolğun şəkildə gələcək nəsillərə çatdırmaları üçün mühüm təcrübə qazandırır.