Mingəçevir Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib: Yaşıl kampus və ekoloji dayanıqlılıq istiqamətində növbəti addım

  • Post category:MDU xəbərləri

2025-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetinin kampus ərazisində ağacəkmə aksiyası təşkil olunub. Universitetin bir qrup əməkdaşı və tələbələrinin iştirak etdiyi aksiya çərçivəsində kampus ərazisində müxtəlif növ ağaclar əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər görülüb.

Aksiyanın əsas məqsədi ekoloji məsuliyyətin təşviqi, yaşıl kampus mühitinin gücləndirilməsi, biomüxtəlifliyin qorunması və tələbələr arasında ətraf mühitə həssas yanaşmanın formalaşdırılması olub.

Keçirilən təşəbbüs zamanı iştirakçılar ağacların əkilməsi və onlara ilkin qulluq prosesində fəal iştirak ediblər. Tədbir çərçivəsində şəhər ekosistemində yaşıllıq sahələrinin əhəmiyyəti, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf prinsipləri barədə məlumat verilib.

Bildirilib ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən yaşıllaşdırma və ekoloji maarifləndirmə tədbirləri universitetin sağlam, dayanıqlı və ekoloji yönümlü kampus mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm tərkib hissəsidir.