Mingəçevir Dövlət Universitetində dayanıqlı qidalanmanı təşviq edən “Green Nutrition Zone” təşəbbüsü həyata keçirilib.

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində keçirilən “I Yaşıl Kampus İdman Festivalı” çərçivəsində universitetin dayanıqlı inkişaf və sağlam həyat tərzi strategiyasına uyğun olaraq “Green Nutrition Zone” – Yaşıl Qidalanma Zonası təşkil olunub.

Təşəbbüsün əsas məqsədi iştirakçılar arasında ekoloji məsuliyyətli qidalanma mədəniyyətinin formalaşdırılması, sağlam və davamlı istehlak vərdişlərinin təşviqi, həmçinin yaşıl kampus yanaşmalarının genişləndirilməsi olub.

Festival çərçivəsində yaradılan xüsusi zonada yerli və mövsümi kənd təsərrüfatı məhsulları, orqanik və təbii qidalar, ekoloji təmiz içkilər, minimum karbon izi yaradan istehlak nümunələri nümayiş etdirilib. Təqdim olunan məhsulların seçimində qida təhlükəsizliyi, sağlam həyat tərzi və ekoloji davamlılıq prinsipləri əsas götürülüb.

“Green Nutrition Zone”da xüsusilə aşağıdakı istiqamətlər ön plana çıxarılıb:

  • yerli istehsalın təşviqi və qida daşınmasından yaranan karbon emissiyalarının azaldılması;
  • birdəfəlik plastik istifadəsinin minimuma endirilməsi;
  • təkrar istifadə oluna bilən və ekoloji təhlükəsiz qablaşdırma vasitələrinin tətbiqi;
  • sağlam və balanslı qidalanma üzrə maarifləndirmə;
  • məsuliyyətli istehlak vərdişlərinin tələbələr arasında təşviqi.

Festival çərçivəsində eyni zamanda “Zero Waste Food” konsepti tətbiq olunub. Bu yanaşma əsasında qida tullantılarının minimuma endirilməsi, artıq məhsulların səmərəli istifadəsi, çeşidlənmə və təkrar istifadə prinsipləri iştirakçılara praktiki şəkildə nümayiş etdirilib.

Tədbirdə tələbələr, akademik heyət, yaşıl könüllülər və festival iştirakçıları ekoloji məsuliyyətli qidalanmanın iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, dayanıqlı qida sistemlərinin təşviqi universitetlərin yaşıl transformasiya siyasətinin vacib istiqamətlərindən biridir.

Qeyd edək ki, “I Yaşıl Kampus İdman Festivalı” MDU-da yaşıl kampus mühitinin inkişafı, ekoloji maarifləndirmə, sağlam həyat tərzi və dayanıqlı universitet modelinin təşviqi məqsədilə həyata keçirilən genişmiqyaslı təşəbbüslərdən biridir.