Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Zəfər Bağları” MMC-nin Satış və Marketinq üzrə mütəxəssisi Şəmsiyyə Abbasova tərəfindən “Karyera inkişafında şəxsi brendinqin önəmi” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi tələbələrin müasir əmək bazarında fərdi inkişaf, peşəkar imicin formalaşdırılması, kommunikasiya bacarıqlarının gücləndirilməsi və şəxsi brendinqin karyera perspektivlərinə təsiri barədə məlumatlılığının artırılması olub.
Tədbir çərçivəsində şəxsi brend anlayışı, peşəkar imicin formalaşdırılması prinsipləri, rəqəmsal platformalarda fərdi tanıtım üsulları və müasir əmək bazarında şəxsi brendinqin yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda, uğurlu karyera inkişafında kommunikasiya bacarıqları, liderlik keyfiyyətləri, ictimai nüfuzun formalaşdırılması və sosial media alətlərindən səmərəli istifadənin əhəmiyyəti xüsusi vurğulanıb.
Şəmsiyyə Abbasova tərəfindən iştirakçılarla real iş təcrübələrinə əsaslanan praktik nümunələr paylaşılıb, şəxsi brendin formalaşdırılması prosesində qarşıya çıxan çətinliklər, fərdi mövqelənmə strategiyaları və bu sahədə tətbiq olunan effektiv yanaşmalar geniş müzakirə olunub.
Seminar zamanı tələbələrin sualları cavablandırılıb, karyera planlaması, peşəkar inkişaf, fərdi potensialın düzgün təqdim olunması və əmək bazarında rəqabət üstünlüyünün artırılması istiqamətində praktik tövsiyələr təqdim edilib.
İnteraktiv formatda keçirilən seminarda universitetin tələbə və müəllim heyəti iştirak edib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin artırılması, peşəkar inkişaf perspektivlərinin genişləndirilməsi, analitik və kommunikativ bacarıqlarının gücləndirilməsi baxımından faydalı akademik platforma kimi qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin əmək bazarına uğurlu inteqrasiyasının dəstəklənməsi, peşəkar və fərdi inkişaf imkanlarının genişləndirilməsi, karyera yönümlü təlim və seminarların təşviqi, eləcə də praktik bilik və bacarıqların gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.