Mingəçevir Dövlət Universiteti və “Nigella Alyalina” MMC dayanıqlı istehlak, rəqəmsal ticarət və innovativ biznes bacarıqları üzrə əməkdaşlığa başlayır

2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universiteti ilə “Nigella Alyalina” MMC arasında universitet–biznes əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib.

Görüşdə MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova tələbələrin nəzəri biliklərinin real biznes mühiti ilə əlaqələndirilməsinin, müasir satış və marketinq bacarıqlarına yiyələnməsinin, eləcə də dayanıqlı biznes yanaşmaları üzrə təcrübə qazanmasının əhəmiyyətindən danışıb.

“Nigella Alyalina” MMC-nin direktoru Nigar Ələkbərova tələbələr üçün elektron ticarət, rəqəmsal marketinq, brend idarəetməsi, müştəri münasibətləri və sahibkarlıq mövzularında təlimlərin, mentorluq görüşlərinin və təcrübə proqramlarının təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd tələbələrin şirkətin satış, marketinq, elektron ticarət, logistika və müştəri xidmətləri bölmələrində təcrübə keçməsini, karyera və məşğulluq imkanlarının genişləndirilməsini, eləcə də tətbiqyönümlü tədqiqatların və tələbə startaplarının real biznes ehtiyacları ilə əlaqələndirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində məhsul qablaşdırılması, resurslardan səmərəli istifadə, tullantıların azaldılması, ekoloji məsuliyyət, dayanıqlı istehlak və yaşıl marketinq üzrə birgə təşəbbüslərin, həmçinin süni intellekt əsaslı satış və müştəri xidmətləri həlləri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.

Sonda əməkdaşlığın birgə fəaliyyət planı əsasında davam etdirilməsi və tələbələrin peşəkar inkişafına yönəlmiş konkret layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.