Rektor Şahin Bayramov: Şanlı Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazdı (AZƏRTAC)

  • Post category:MDU xəbərləri

AZƏRTAC, 27.09.2023

Sentyabrın 27-də Şanlı Zəfərlə sona çatan 44 günlük Vətən müharibəsinin başlanmasından 3 il ötür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Günü olaraq əbədiləşən bu tarixi gündə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın əziz xatirələrini dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.

Otuzillik yurd həsrəti cəmi 44 gündə sona çatdı. Misilsiz şücaət göstərərək doğma torpaqlarımızın hər bir qarışını canı və qanı bahasına düşmən tapdağından xilas edən şanlı Azərbaycan əsgəri, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsi yazdı.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, bu gün həm də Milli Qürur Günümüzdür. Qəhrəman şəhidlərimiz müstəqil və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda yaşamaq qürurunu xalqımıza yaşatmaqla adlarını əbədiləşdirdilər. Eyni zamanda, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində 24 saatdan az bir müddətdə düşmənin qanunsuz silahlı birləşmələrinin təslim edilməsi və suverenliyimizin tam təmin olunması ilə ordumuz gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Sentyabrın 25-də Prezident İlham Əliyevin Naxçıvanda mətbuata bəyanatında vurğuladığı kimi, “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”. Bununla da, revanşist qüvvələr və onların havadarları bir daha əyani şəkildə şahid oldular ki, “dəmir yumruq” yerindədir və Müzəffər Ordumuz istənilən təxribata sarsıdıcı cavab vermək gücündədir. Heç bir qüvvə ölkəmizlə təhdid dilində danışa bilməz.

“Həqiqətən də həm 44 günlük Vətən müharibəsində, həm də Qarabağda lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə açdı. Müasir texnologiyalarla tam təchiz olunmuş ordumuz mənfur düşməndən fərqli olaraq mülki insanlara və obyektlərə zərər vurmadan yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirdilər, şəhidlərimizin, o cümlədən erməni təxribatı zamanı həlak olan dinc sakinlərimizin qisasını aldılar. Dünyanın belə qüdrətli, humanist və ədalətli ordusuna sahib olmağımızla fəxr edirik.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, bu ərazilərimizin sürətlə dirçəldilməsi, yerli sakinlərimizin doğma yurdlarına qayıdışının təmin edilməsi hər birimizi qürurlandırır və şəhidlərimizin ruhunu şad edir. Əminik ki, antiterror tədbirlərindən sonra miqyası genişlənən dirçəliş və qayıdış proqramları Qarabağ regionunu sülh, əməkdaşlıq və inkişaf zonasına çevirəcək. Bütün bunlara görə şəhidlərimizə borcluyuq və Anım Günündə bir daha onların ruhu qarşısında baş əyirik”, – deyə rektor bildirib.