Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

2023-cü ilin sentyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ucar rayonunda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Heydər Əliyev Fondu tərəfindən tikilmiş Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində baş tutan tədbirdə  MDU-nun rektoru Şahin Bayramov, Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, həmin idarənin əməkdaşları, rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri və universitetin bir qrup professor-müəllim heyəti üzvü iştirak ediblər.

Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan tədbirdən öncə şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri E.Kərimov çıxış ediblər. Açılış nitqlərində Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı yolunda misilsiz xidmətlər göstərdiyi və titanik fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi heykəlini ucaltdığı bildirilib. Qeyd edilib ki, milli təhsilimizin inkişafının ən böyük himayədarı olan, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin gələcəyinə yüksək həssaslıq göstərən Ulu Öndər rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda təhsilin bütün pillə və səviyyələri üzrə potensialının gücləndirilməsinə daim böyük diqqət və qayğı ilə yanaşıb. Bildirilib ki, bu gün əbədiyaşar liderin layiqli davamçısı Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” təşəbbüsü əsasında həyata keçirilən islahatlar ölkə təhsilinin inkişafına və rəqabətqabiliyyətliliyinin artırılmasına əhəmiyyətli töhfələr verir. Eyni zamanda, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliğinin təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindən olduğu vurğulanaraq hazırki seminarın əhəmiyyəti diqqətə çatdırılıb.

Ümummilli Liderimizin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edən videoçarx izlənildikdən sonra məruzələr dinlənilib.

MDU-nun alimləri Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Namaz Manafov “Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri”, Flora Namazova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzələrlə çıxış ediblər.

Böyük maraqla qarşılanan məruzələrdən sonra tədbir məktəbin istedadlı şagirdlərinin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Qeyd edək ki, müasirləşməkdə olan MDU-nun regionda yerləşən təhsil müəssisələri ilə faydalı işbirliyinin gücləndirilməsi bu ali təhsil müəssisəsinin prioritet vəzifələri sırasındadır. 2023-cü il aprelin 20-də “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı məhz bu vəzifələrin effektiv həllinə hədəflənib.