Mingəçevir Dövlət Universitetində “VR, AR Texnologiyaları, Video, Simulyasiya və İnteraktiv Məzmun” Moduluna Start Verildi

  • Post category:MDU xəbərləri

12 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində 5 günlük beynəlxalq təlim proqramının dördüncü modulu uğurla həyata keçirilmişdir. “VR, AR texnologiyaları, video, simulyasiya və interaktiv məzmun” mövzusuna həsr olunmuş modul ali təhsil mühitində virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarının tətbiqi, simulyasiya əsaslı öyrənmə modellərinin qurulması və interaktiv rəqəmsal məzmunun hazırlanması istiqamətində nəzəri və praktik biliklərin formalaşdırılmasına yönəlmişdir. Təlimin əsas məqsədi ali təhsildə innovativ texnologiyaların tətbiqini genişləndirmək, süni intellekt dəstəkli vizual və interaktiv öyrənmə mühitlərinin qurulmasını təşviq etmək və müəllimlərin praktik bacarıqlarını gücləndirmək olmuşdur. Təlimdə 93 nəfər iştirak etmişdir.

Modulun moderatoru İnformasiya texnologiyaları sahəsi üzrə dosent, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva olmuşdur. Sessiyalar Microsoft Teams platforması üzərindən keçirilmiş, Azərbaycan vaxtı ilə 11:00 və 15:00, Türkiyə vaxtı ilə isə 10:00 və 14:00-da başlamışdır.

Təlimin əsas məruzəçisi Recep Tayyip Erdoğan Üniversitesi-nin təmsilçisi Dr. Mehmet Sevri olmuşdur. Günün birinci sessiyasında video və vizual tədris məzmununun yaradılması, süni intellekt alətləri vasitəsilə dərs videoları və animasiyaların hazırlanması, simulyasiya və ssenari əsaslı öyrənmə yanaşmaları, eləcə də VR və AR texnologiyalarının tədris prosesinə inteqrasiyası mövzuları əhatəli şəkildə təqdim edilmişdir. Saat 12:00–12:30 aralığında keçirilən praktiki simulyasiya mərhələsində iştirakçılar real nümunələr üzərində interaktiv məzmunun hazırlanması üzrə tapşırıqları icra etmiş və vizual materialların tədris məqsədli strukturlaşdırılması bacarıqlarını təkmilləşdirmişlər.

Günün ikinci sessiyasında simulyasiya və interaktiv öyrənmə mühitlərinin dizaynı, tədris məqsədli simulyasiya modellərinin qurulması, süni intellekt dəstəkli adaptiv öyrənmə mühitlərinin yaradılması, eləcə də hibrid tədris mühitlərinin inteqrasiyası və qiymətləndirmə mexanizmləri geniş müzakirə edilmişdir. Saat 16:00–16:30 aralığında praktiki hissədə iştirakçılar ssenari yönümlü və süni intellekt əsaslı modellərin tətbiqi üzrə interaktiv fəaliyyətlər həyata keçirmiş, simulyasiya əsaslı tədris mühitinin qurulması üzrə praktik tapşırıqları icra etmişlər.

Ümumilikdə, beynəlxalq təlim proqramının dördüncü modulu ali təhsildə rəqəmsal transformasiya proseslərinin dərinləşdirilməsi, innovativ pedaqoji yanaşmaların təşviqi və müəllim heyətinin müasir texnoloji bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Təlim beynəlxalq akademik əməkdaşlıq çərçivəsində həyata keçirilmiş, qabaqcıl təcrübənin paylaşılmasına və regionda rəqəmsal təhsil ekosisteminin inkişafına əhəmiyyətli töhfə vermişdir.