Mingəçevir Dövlət Universitetində “Veb 3.0 Alətləri və Onların Tədrisdə İstifadəsi” Moduluna Start Verildi

  • Post category:MDU xəbərləri

13 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində 5 günlük beynəlxalq təlim proqramının beşinci modulu uğurla həyata keçirilmişdir. “Veb 3.0 alətləri və onların tədrisdə istifadəsi” mövzusuna həsr olunmuş modul müasir rəqəmsal tədris mühitinin formalaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və interaktiv öyrənmə modellərinin genişləndirilməsi istiqamətində əhəmiyyətli məzmun təqdim etmişdir. Təlimdə 51 nəfər iştirak etmişdir.

Modulun moderatoru İnformasiya texnologiyaları sahəsi üzrə dosent, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva olmuşdur. Təlimin məruzəçisi Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nərmin Əhmədova olmuşdur. Tədbir Microsoft Teams platforması üzərindən təşkil edilmişdir.

Təlim çərçivəsində interaktiv qiymətləndirmə və oyunlaşdırma alətləri, Veb 3.0 alətlərinin tədrisdə rolu, simulyasiya və ssenari əsaslı öyrənmə mühitlərinin qurulması, onlayn və əyani siniflərin inteqrasiyası, eləcə də hibrid tədris mühitlərinin yaradılması məsələləri geniş şəkildə müzakirə olunmuşdur. Məruzə zamanı müasir rəqəmsal platformaların pedaqoji imkanları praktik nümunələr əsasında nümayiş etdirilmiş, onların tədris prosesində tətbiqi mexanizmləri elmi-praktik baxımdan əsaslandırılmışdır.

Sessiya çərçivəsində Kahoot!, Quizizz, Canva, Powtoon, Miro, Padlet və Mentimeter kimi rəqəmsal alətlərin tədris prosesində istifadəsi əyani şəkildə təqdim edilmişdir. İştirakçılar interaktiv tapşırıqlar vasitəsilə oyunlaşdırılmış qiymətləndirmə mexanizmlərini, rəqəmsal lövhələrin tətbiqini və adaptiv öyrənmə yanaşmalarını praktik olaraq sınaqdan keçirmiş, real ssenarilər əsasında tətbiqi fəaliyyətlər həyata keçirmişlər.

Ümumilikdə, beynəlxalq təlim proqramının beşinci modulu ali təhsildə rəqəmsal transformasiya proseslərinin dərinləşdirilməsi, innovativ pedaqoji yanaşmaların təşviqi və müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Təlim beynəlxalq əməkdaşlıq mühitində həyata keçirilmiş, ali təhsil sistemində müasir rəqəmsal alətlərin tətbiqinə və dayanıqlı innovativ tədris ekosisteminin formalaşdırılmasına əhəmiyyətli töhfə vermişdir.