2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar olaraq növbəti görüş keçirilib. MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) və “Bir” Tələbə-Könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin tələbə və magistrantları iştirak ediblər.
MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova “Zəfərə aparan yol: Aprel döyüşləri” adlı mövzusunda çıxış edərək, Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə birliyi nəticəsində mümkün olduğunu vurğulayıb.
Böyük Zəfərin başlanğıcı olan, tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. 2016-cı ilin Aprel ayında qazanılan qələbə Azərbaycan xalqının mübarizliyinin, ordumuzun gücünün-qüdrətinin təntənəsi oldu. M.Yuifova tarixin bütün dövrlərində Azərbaycan xalqına qələbələr yaşadan bütün şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.