MDU-da növbəti “Açıq qapı” günü keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü ilin 31 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində sonuncu  “Açıq qapı” günü keçirilib.

Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla yekunlaşmaqda olduğunu qeyd edən Ş.Bayramov bildirib ki, tələbə və magistrantlardan daxil olan rəylərdə imtahanların obyektiv və mütəşəkkil təşkil olunması öz əksini tapıb. O, imtahan sessiyasının yüksək səviyyədə təşkili, şəffaflığın təmin olunması və obyektiv qiymətləndirməyə görə MDU-nun professor-müəllim heyəti üzvlərinə minnətdarlığını bildirib. Eyni zamanda, tələbə və magistrantlara imtahanlarda nümayiş etdirdikləri müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edib və bu münasibətlə onları təbrik edib.

Sonra, tələbə və magistrantların müraciətləri dinlənilib. Çıxışlar zamanı onlar imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər. Tələbələr imtahanlarda obyektivliyə görə universitet rəhbərliyinə, həmçinin professor-müəllim heyətinə minnətdarlıq edib,  göstərilən xüsusi diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə keçirilib.