MDU-da “Aşıq ədəbiyyatı antologiyası” toplusunun təqdimatı keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 14 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xalq Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” toplusunun təqdimatı keçirilib. Təqdimat mərasimində MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Təqdimatı giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova toplunun əhəmiyyətindən danışıb. Qeyd edilib ki, aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edən üç tematik cilddən ibarət “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir.

Kitab haqqında videoçarxın nümayişindən sonra məruzələr dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının akademik heyət üzvlərindən Səadət Ağakişiyeva “Aşıq ədəbiyyatı antologiyası” xalqın milli-mənəvi irsinə hörmət və sevginin ifadəsidir”, Ceyran Vəliyeva “Aşıq poeziyası” cildi Qarabağ aşıq sənətinin ən yaxşı nümunələrinin yer aldığı dəyərli kitabdır”, Pərvin Hüseynova “Antologiyanın “Məhəbbət dastanları” cildində yer alan qəhrəman qadın obrazları”, Nigar Məhərrəmova “Antologiyanın “Qəhrəmanlıq dastanları”  Azərbaycan xalqının təmsil etdiyi dəyərlərin və aşıladığı idealların toplusudur” və Gülnar Vəliyeva “İbtidai siniflərdə “Aşıq ədəbiyyatı antologiyası”ndan nümunələrin tədrisi və onun əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra, təqdimat iştirakçıları tərəfindən maraqla qarşılanan kitab haqqında müzakirələr aparılıb.