“Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.

23-27 oktyabr tarixlərini əhatə edən təlimlər Portuqaliyanın Lissabon Universitetində keçirilir.

Təlimlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvlərindən ibarət nümayəndə heyəti iştirak edir.

Tədbirdə layihənin İsveç, Polşa, İspaniya və Estoniyadan olan xarici tərəfdaş universitetlərinin əməkdaşları da iştirak edirlər.

Təlimlərin əsas məqsədi universitetlərdə innovasiya və sahibkarlıq fəaliyyətlərinin təşkilinə dair Portuqaliya təcrübəsinin öyrənilməsindən ibarətdir.

5 günlük təlim proqramı çərçivəsində iştirakçıların texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyaları və texnologiya əsaslı sahibkarlıq proqramları mövzularında təqdimatları dinləməsi, eləcə də Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət etmələri nəzərdə tutulub.

Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir.

36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsidir. Bundan əvvəl layihə çərçivəsində İsveç, Estoniya və İspaniyada təlimlər keçirilib.