You are currently viewing “Azərbaycanın neft sənayesinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri”

“Azərbaycanın neft sənayesinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri”

“AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetinin 31 mart 2023-cü il tarixli sayında Mingəçevir Dövlət Universitetinin müəllimi Saqib Məmmədovun “Azərbaycanın neft sənayesinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri” başlıqlı yazısı dərc olunub

 Azərbaycan müəllimi” qəzeti, 31.03.2023
Qəzetin PDF versiyası

Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin və rifahının təmin edilməsinə yönəldilmişdir. 1969-cu ildə respublikamızda rəhbərliyə başlayan Ulu Öndər milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. Neft sənayesinin innovasiyalar üçün münbit olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, ümumittifaq neft sənayesinin inkişaf perspektivlərini təmin edən bir çox təsisatları elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd Azərbaycanın neft təsərrüfatının modernləşdirilməsini həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi.

Ötən əsrin  60-cı illərində neft sənayesinin inkişafının xeyli ləngiməsinin səbəbləri və təsiredici amilləri tam şəkildə araşdırıldıqdan sonra bu sahənin qısa müddətdə kompleks şəkildə dirçəldilməsi üçün  Ulu Öndər Heydər Əliyev tərəfindən ciddi qərarlar qəbul edilmişdir. Ümummilli Lider bir milyardıncı ton Azərbaycan neftinin çıxarılmasına həsr olunmuş yığıncaqda neft sənayesindəki vəziyyətin dərindən təhlili əsasında nöqsanların aradan qaldırılması yollarını göstərmiş, məsələ ilə bağlı konkret vəzifələr müəyyənləşdirmişdir.

Bundan sonra, Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dənizdə neft hasilatının inkişaf tarixində yeni mərhələ başlamışdır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə, demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində alınan qurğular sayəsində dənizin 80-350 m dərinliyində zəngin neft ehtiyatlarına malik olan yeni yataqlar kəşf olundu. Nəticədə neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu.

Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan və o dövrdə dünyada analoqu olmayan zavodun Bakıda yaradılmasına icazənin alınması, bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması, 1978-ci ildə əsası qoyulan sənaye nəhənginin 1984-cü ildə istismara verilməsi Heydər Əliyevin siyası müdrikliyinin, onun təşəbbüskarlıq və prinsipiallığının nəticəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, Ulu Öndərin adını ləyaqətlə daşıyan bu zavod indi də müstəqil dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Həqiqətən də Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin gerçəkləşməsində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rolu danılmazdır.

Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, qurğular inşa olunmuşdur. 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu fəaliyyətə başlamışdlr.

İstehsalat nailiyyətləri ilə yanaşı, Ümummilli Lider Heydər Əliyevin neft siyasəti neftçilərə böyük qayğı ilə də xarakterizə edilir. Ulu Öndərin sovet dövründə respublikaya rəhbərliyi illərində neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. 70-ci illərin sonlarında neftçilərin mənzilə ehtiyacı 95 faizdən də çox ödənilmişdi.

Təbii ki, bütün bunlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. O, çox yaxşı bilirdi ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix Ümummilli Lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkənin müstəqil inkişafının əsaslarından biri kimi Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı.

Saqib MƏMMƏDOV
Mingəçevir Dövlət Universitetinin müəllimi