Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi

  • Post category:Xəbərlər (AZ)

Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi

30 ilə yaxın bir dövr ərzində erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlıarının geri qaytarılması, yurdumuzun ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin tələblərinə əsasən həmsədr dövlətlərin iştirakı ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılsa da heç bir müsbət nəticə hasil olmurdu. Düşmən dövlət qəbul edilən qətnamələri heçə sayırdı. Bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarına dözməyən Azərbaycanın Milli Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumunu adekvat cavablandırdı. 44 günlük Vətən müharibəsindən, möhtəşəm qələbədən bizi aylar ayırır. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyev dəfələrlə azad olunmuş ərazilərdə olmuş, aparılan ilkin quruculuq işləri ilə tanışlıq edərək tapşırıqlarını vermişdir. Qeyd etmək lazımdır ki, düşmən torpaqlarımızı işğal altında saxladığı illər ərzində boş dayanmamış, əraziləri darmadağın etmiş və minalar basdırmışdır. Bu təhlükəli minaların təmizlənməsi və quruculuq işlərinin başlanması üçün isə zaman lazımdır. Düşmənin məkrli hiylələri ilə yüz dəfələrlə qarşılaşan xalqımız təbii ki, bu problemin də həllinə nail olacaq. Bunu dövlətimizin başçısı dəfələrlə deyib və vurğulayıb ki, azad olunan ərazilərimizdə həyatın bərpa olunması, sakinlərinin yurd yerlərinə qayıtması üşün lazım olan hər cür işlər görüləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhərinə, yurdumuzun bu dilbər güşəsinə növbəti səfəri 2021-ci il 28 may tarixində baş tutub. Səfər çərçivəsində Prezidentimiz bir sıra təməlqoyma tədbirlərində iştirak edib.

Həmim gün Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin, ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun təməli qoyuldu. Bölgədə dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilir. Həmçinin böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq bir meşə zolağı olacaq, bundan başqa süni göl yaradılacaq, kanallar, körpülər salınacaq. Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Düşmənin yurd yerlərimizdə törətdiyi hadisələrin gələsək nəsillərə ötürülməsi üçün Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası hazırlanıb.

Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü.

  Bildiyimiz kimi, Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu.

Səfər zamanı bununla bağlı Prezidentimiz belə deyib: “Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.

Bəli, müstəqillik əldə etdikdən sonra Azərbaycanın iqtisadi gücü və dünyada nüfuzu artıb. Prezident İlham Əliyev: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”.

  44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün bizim ordumuz irəli gedirdi, hər gün. Müzəffər ordumuz bir gün də geri addım atmayıb. Düşmən isə özgəsinin torpağında olduğunu nəhayət dərk edərək müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.

Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaqdır.

Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.

  30 il ərzində ermənilər bizim torpaqlarda qondarma dövlət yaratmaq istəyirdilər. Lakin ədalət buna imkan vermədi. Ermənilər dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar-indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.

Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. “Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa çox böyük səhv olardı. Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, əraziləri elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq”, bu sözləri deyən prezidentimiz ordumuzun, hərbçilərimizin səriştələrindən bəhs edib. Sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Bütün dünya bilir ki, Paşinyan kapitulyasiya sənədini hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi.

44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu Vətən müharibəsi Azərbaycan övladının vətənpərvərliyini, cəsarətini, şücaətini üzə çıxardı. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz, qalib xalq kimi bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnika, istənilən maddi imkanın olsa da, əgər Vətən sevgisi yoxdursa, milli ruh yoxdursa, Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Bizim qəhrəman övladlarımız öz sevgilərini şəhid olmaqla, yaralanmaqla, qazi olmaqla göstərdilər. Yurdumuzun işğal altlnda saxlanılan ərazilərini qısa müddətdə azad etməklə, dövlətimizə iyirmi birinci əsrin qələbəsini qazandırdılar. 200 illik tarixdə ilk dəfə olaraq xalqımız böyük zəfərin təntənəsini yaşadı.

Biz qalib xalq kimi qələbə sevincini yaşasaq da bunu həzm edə bilməyən düşmənlərimiz təxribatlarını davam etdirmək istəyirlər. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Bununla bağlı prezidentimizin qətiyyətli ifadəsi sabaha olan inamımızı artırır: “Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.

Qarabağ Azərbaycandır. Yurdumuzun hər yerində olduğu kimi bu bölgələrdə də abadlıq quruculuq işləri reallaşacaq, həyat bərpa olunacaq. Biz də bu yurdun sakinləri kimi doğma elimizə sevinclə gedəcəyik.

Sahib Əliyev,

Pedaqoqika üzrə fəlsəfə doktoru