MDU-da Beynəlxalq əməkdaşlıq sahəsində saxtakarlıqla mübarizə məsələləri müzakirə olunub

  • Post category:MDU xəbərləri

11 oktyabr 2023-cü il tarixdə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində keçirilən görüş Tövsiyyə sənədinə Əlavə edilmiş daha bir bəndin – Beynəlxalq əməkdaşlıq sahəsində saxtakarlığa qarşı mübarizə məsələlərinin müzakirəsinə həsr olunmuşdur. MDU Tədris Şöbəsinin müdiri f.f.d. Üzeyir Zeynalov çıxış edərək qeyd etdi ki, əməkdaşların da bildiyi kimi, son illər Mingəçevir Dövlət Univeristetinin rəhbərliyinin xüsusilə diqqət etdiyi strateji istiqamətlərdən biri də beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdir. Belə ki, Universitetimiz Türkiyə, Rusiya,Ukrayna, Qazaxıstan, Moldova və digər dövlətlərlə əməkdaşlıq edir və bu sahədə bir sıra uğurlara imza atmışdır. Qeyd etmək lazımdır ki, bu iş davamlı olaraq aparılır və gələcəkdə beynəlxalq əməkdaşlıq sahəsində yeniliklər gözləntilərimizdəndir. Bu əməkdaşlıqlar sayəsində qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramlarına qoşulan Mingəçevir Dövlət Universitetinin professor – müəllim və tələbələri xaricdə təhsil almaq və fəaliyyət göstərmək imkanı əldə edirlər. Təbiidir ki, beynəlxalq əməkdaşlıq sahəsində bağlanan müqavilələr imkan verir ki, üzv dövlətlər təhsil saxtakarlığına və cinayətlərin təqibinə qarşı mübarizədə və ya hər hansı digər hüquqi müdafiə formaları ilə bağlı əməkdaşlıq etməlidirlər ki, bir üzv dövlətdə öz biznesinin hamısını və ya bir hissəsini həyata keçirən hər hansı təşkilat və ya qurum təqib və ya mühakimə oluna bilsin.

Məsələ barədə fakültə dekanı dosent Almaz Əliyeva, kafedra müdirləri dosent Ülkər Aşurova, dosent Mahir İsmayılov çıxış edərək bildirdilər ki, təhsil saxtakarlığı ilə məşgul olan bütün müəssisə və təşkilatlar insanları aldatmaqla onlara saxta diplomlar, attestatlar verməklə əslində həmin şəxslərə və onların ailə üzvlərinə cox ciddi fiziki-psixoloji zərbələr vururlar. Təbiidir ki, saxta diplom alan və gələcəkdə hər hansı üsullarla iş axtarmağa çalışan və bəzi hallarda buna nail olanlar bütövlükdə cəmiyyətə ciddi təhlükədir və onlara qarşı mübarizədə kəskin addımların atılması və ciddi ölçülərin götürülməsi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur