MDU Dokuz Eylül Universitetinin “Depark” Texnoparkının imkanlarından faydalanacaq

Mingəçevir Dövlət Universitetinin (MDU) Ömürboyu Təhsil Məktəbinin direktoru Azər Hüseyn, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə Türkiyə Respublikasına səfərləri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) nəzdində fəaliyyət göstərən “Depark” Texnoparkını ziyarət ediblər.

Görüş zamanı “Depark”ın Bambu Sahibkarlıq Ofisinin idarəçisi Mehmet Çeliksan və Sahibkarlıq Departamentinin əməkdaşı Ezgi Gelmen qonaqlara texnoparkın yaranma tarixi, fəaliyyət istiqamətləri, sahibkarlıq və innovasiya ekosistemində rolu, startap layihələrinin dəstəklənməsi mexanizmləri və tələbə gənclərin innovativ ideyalarının real məhsula çevrilməsi mərhələləri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, “Depark” Dokuz Eylül Universitetinin elmi potensialı ilə sənaye sektorunu birləşdirən strateji platforma kimi fəaliyyət göstərir, innovativ təşəbbüslərin təşviqi, tədqiqat nəticələrinin kommersiyalaşdırılması, eləcə də gənc sahibkarların inkişafına yönəlmiş təlim, seminar və mentorluq proqramları həyata keçirir.

Tədbir çərçivəsində Q.Qurbanzadə MDU haqqında təqdimatla çıxış edib. O, təqdimat zamanı Mingəçevir şəhərinin sənaye və enerji mərkəzi kimi iqtisadi potensialı, MDU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri, ali təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər, eləcə də tələbələrin yaradıcılıq və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib.

Görüşdə, həmçinin MDU ilə DEU arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, “Depark” Texnoparkı ilə birgə fəaliyyət imkanları müzakirə olunub. Tərəflər birgə startap layihələrinin təşkili, innovasiya təlimləri və birgə tədqiqat təşəbbüsləri istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Sonda MDU nümayəndələri “Depark”ın maddi-texniki bazası, iş mühiti ilə tanış olublar. Görüş gələcəkdə Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında innovasiya və sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişlənməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.