Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi

Xalq qəzeti, 15.10.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mingəçevirdə silsilə tədbirlərin keçirilməsi davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Ulu öndə­rin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Ümum­milli liderin, dövlətçiliyimiz, ərazi bütöv­lüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu ön­dərə həsr olunmuş “Tarix yazan əbədiya­şar lider” filmə baxılıb. 

Tədbiri Mingəçevir Şəhər İcra Haki­miyyətinin başçısı İlham İsmayılov aça­raq bildirib ki, “Heydər Əliyev İli” çərçivə­sində silsilə tədbirlər Ulu öndərin ruhuna minnətdarlıq rəmzidir. Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri olub. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklər­lə qarşılaşmışdı, ölkə iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız er­mənilər tərəfindən işğal olunmuşdu. Belə çətin zamanda Ulu öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Onun böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xa­rici siyasət sahəsində uğurlar əldə olun­du, ordu quruculuğuna başlanıldı, cə­bhədə atəşkəs elan olundu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbay­canımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu öndər müstəqilliyimizi qoruyub saxlamaqla bu günkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu. 

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin başladığı işlər onun siyasi kur­sunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam et­dirilir. Bu gün də, dünən də, əldə edilən nailiyyətlər Ulu öndərin siyasətinin da­vamlı nəticələridir. Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə demək olar ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşaya­caq və yeni-yeni zəfərlər qazanacaqdır. 

Tədbirdə YAP Mingəçevir şəhər təşki­latının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Ay­gün Qədirova “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin memarı və quru­cusu”, MDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “Hey­dər Əliyev – tariximizin qurucu xilaskar fenomeni”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov Azərbayca­nın müasir zəfərləri ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qeyd edib ki, biz müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında mühüm xidmətləri olan Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqam­larını əks etdirən çıxışları iftixar hissi ilə dinlədik. Birmənalı şəkildə qeyd edirik ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiy­yətlərin əsasını məhz müstəqil Azərbay­canın özü qədər əbədi olan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artma­sı, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları məhz bu inamın və etimadın, ulu öndər Heydər Əliyevin ideyalarının reallaşmasının nəti­cələridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəh­bərliyi altında torpaqlarımız şanlı or­dumuzun qalibiyyəti ilə işğaldan azad olundu, sərhədlərimiz bərpa edildi. Ölkə Prezidentinin apardığı ardıcıl siyasət nə­ticəsində Qarabağ və Şərqi Zəngəzur ərazisinin bərpa edilməsinə başlanıldı. Üç il ərzində həmin ərazilərdə uğurlu işlər aparılmışdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əra­zilərinə soydaşlarımızın qayıdışı təmin olunur. Soydaşlarımızın 30 illik həsrətinə son qoyuldu. Görülən bu işlər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir. Bütün sahələrdə qa­zandığımız bu uğurlar Heydər Əliyev ide­yalarının düzgünlüyünü, əbədiyaşarlığını və qalibiyyətliyini göstərir.

İlqar Həsənov,

XQ-nin bölgə müxbiri