You are currently viewing Qəbul imtahanlarında yüksək toplayan abituriyentlərə MDU-nun xüsusi dəstəyi

Qəbul imtahanlarında yüksək toplayan abituriyentlərə MDU-nun xüsusi dəstəyi

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı yeni qərar təsdiqlənib. Qərara əsasən universitetə 500-dən yuxarı bal toplayaraq qəbul olunacaq tələbələrə topladığı bala uyğun olaraq birdəfəlik təqaüdün verilməsi nəzərdə tutulub. Bu qərar təhsilalanların stimullaşdırılması və MDU-nun inkişafında pay sahibi olmaları üçün yüksək bal toplayan abituriyentlərin cəlb edilməsi məqsədini daşıyır.

MDU-nun Elmi Şurasının 2024-cü il 11 iyul tarixli iclasında qəbul edilən bu qərar universitetin müasirləşmə strategiyasının bir hissəsi olaraq gələcəyin peşəkar kadrlarının yetişdirilməsi üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Nəzərdə tutulan təqaüd proqramı ilə yanaşı, 2024/2025-ci tədris ilinin ikinci semestrindən etibarən MDU-da kurslar üzrə tələbələrə “Top 10” və müxtəlif qurumlarla əməkdaşlıqlar çərçivəsində adlı təqaüdlərin verilməsi də planlaşdırılır. Bu təşəbbüslər tələbələrin akademik müvəffəqiyyətini və motivasiyasını artırmaq məqsədi daşıyır.

MDU müasir təhsillə uğurlu karyera qurmaq istəyən tələbələr üçün doğru seçim olduğunu bir daha sübut edir. Hazırda MDU-nun yeni kampusunun tikintisi davam etməkdədir. Müasir maddi-texniki bazaya sahib olacaq bu kampus təhsilalanların ixtisaslı kadr kimi yetişməsi üçün bütün lazımi imkanlarla təchiz olunacaq.

Qeyd edək ki, cari tədris ilində MDU-nun bakalavriat səviyyəsində 37 ixtisas üzrə 1670 tələbənin qəbulu planlaşdırılıb.