MDU-nun Təhsil fakültəsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

02 fevral 2026-cı il tarixində MDU-nun II korpusunda yerləşən Heydər Əliyev mərkəzində təşkil olunan tədbirin məqsədi gənclərin cəmiyyətdə rolu, ali təhsildə iştirakı, eləcə də onların akademik və şəxsi inkişafının təşviqi məsələlərini müzakirə etmək olub.

Tədbir Təhsil fakültəsinin dekan müavini Aygün Qədirovanın giriş sözü ilə açıq elan edilib.

 Çıxışda Azərbaycan gəncliyinin ölkənin gələcəyində oynadığı mühüm rol vurğulanıb, gənclərə göstərilən dövlət qayğısından və təhsilin bu prosesdəki əhəmiyyətindən bəhs olunub.

Sonra, MDU-nun Tədrisin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudov universitet rəhbərliyi adından tədbir iştirakçılaırnı 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.

Ardınca günə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirin əsas hissəsində məruzələr dinlənilib. Xarici dillər kafedrasının müəllimi Ələkbərova Nuranə “Müasir Azərbaycan gəncliyi və ali təhsil: MDU təcrübəsi” mövzusunda çıxış edərək universitetdə gənclərin təhsil, inkişaf və sosial fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra MT22.2 qrup tələbəsi Qulizadə Sahibə “Gənclərin akademik və şəxsi inkişafında motivasiya və dəstək mexanizmlərinin təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə gənclərin öz potensiallarını reallaşdırmasında motivasiyanın, düzgün yönləndirmənin və dəstək mexanizmlərinin rolu diqqətə çatdırılıb.

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və gənclərin fikirləri dinlənilib.

Sonda fakültənin bir qrup tələbəsi universitetin sosial həyatında fərqlənən tələbələri təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, MDU-da Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.