Mingəçevir Dövlət Universitetinin tələbələri üçün sağlam həyat tərzinin təşviqi və yoluxucu xəstəliklərin erkən profilaktikası ilə bağlı təlim keçirilib

2025-ci il 15 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin Mexanika və Fizika və Ekologiya kafedrasının birgə təşkilatçılığı ilə “Gigiyena və yoluxucu xəstəliklərin erkən profilaktikası” mövzusunda təlim keçirilib. Tədbir sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması istiqamətində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsinə xidmət edib.

Mingəçevir şəhərində fəaliyyət göstərən Regional Hospitalda baş tutan təlimdə universitetin bir qrup əməkdaşı, tələbələr və hospitalın həkimləri iştirak ediblər. Təlim çərçivəsində sağlamlıq mədəniyyətinin gücləndirilməsi, profilaktik davranış vərdişlərinin təşviqi və ictimai sağlamlıq məsuliyyətinin artırılması məsələləri diqqət mərkəzində olub.

Təlimdə Mexanika kafedrasının müəllimi Pəri Namazzadə və Fizika və Ekologiya kafedrasının müəllimi Əfsanə Babayeva ətraflı təqdimatla çıxış edərək gigiyenik qaydaların qorunmasının əhəmiyyəti, yoluxucu xəstəliklərin yayılma mexanizmləri və onların qarşısının alınması üsulları barədə məlumat veriblər. Bildirilib ki, erkən profilaktika və düzgün gigiyena davranışları həm fərdi sağlamlığın qorunmasında, həm də ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Təlimdə iştirak edən hospitalın həkimi Nuran Əliyev epidemioloji viruslar, yoluxmanın qarşısının vaxtında profilaktik tədbirlərlə alınması qaydaları və risk faktorlarının azaldılması istiqamətində praktiki yanaşmalar haqqında iştirakçılara ətraflı məlumat verib, mövzu ilə bağlı sualları cavablandırıb. Çıxışlarda səhiyyə və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsinin sağlam cəmiyyətin formalaşmasına töhfə verdiyi xüsusi vurğulanıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və qarşılıqlı müzakirələr şəraitində davam etdirilib.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd gigiyena mədəniyyətinin artırılması, yoluxucu xəstəliklərə qarşı maarifləndirmə işinin gücləndirilməsi, erkən profilaktikanın əhəmiyyətinin təbliğ olunması və sağlam, davamlı inkişaf edən icma modelinin təşviqi olub.