Mingəçevir Dövlət Universitetində “No Waste Campus” təşəbbüsü çərçivəsində qida israfına qarşı maarifləndirici video çəkilişi həyata keçirilib

Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf prinsiplərinin təşviqi və ekoloji məsuliyyətin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “No Waste Campus” təşəbbüsü davam etdirilir. Bu təşəbbüs çərçivəsində universitetin tələbə yeməkxanasında qida israfına diqqət çəkmək məqsədilə məlumatlandırıcı video çəkilişi həyata keçirilib.

Video çəkilişi zamanı tələbə yeməkxanasında yaranan qida tullantıları müşahidə olunub, onların həcmi ölçülərək təhlil edilib və tələbələr arasında qida israfının qarşısının alınması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Tələbələrə gündəlik qida istehlakı zamanı məsuliyyətli davranışın vacibliyi, qida resurslarından səmərəli istifadə və israfın azaldılmasının əhəmiyyəti barədə məlumat verilib.

Təşəbbüsün əsas məqsədi tələbələrdə məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılması, qida tullantılarının azaldılması və universitet mühitində dayanıqlı həyat tərzinin təşviq edilməsidir. Bu istiqamətdə aparılan maarifləndirici fəaliyyətlərin tələbələr arasında ekoloji düşüncənin inkişafına və resurslara daha həssas yanaşmanın formalaşmasına töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf prinsiplərinin təşviqi, ekoloji maarifləndirmənin artırılması və məsuliyyətli istehlak mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif təşəbbüs və layihələr həyata keçirilir.