2025-ci ilin 20 dekabr tarixində Mingəçevir Gənclər Evində “Acil tibbi yardım və xilasetmə texnologiyaları” mövzusunda hakaton yarışması keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müəllimlərinin mentorluğu ilə universitet tələbələrindən ibarət komandalar innovativ ideya və layihələrini təqdim ediblər.
Hakatonda Smartlife24, Qarabağ, Uğur, HSE TEAM və Robotexniklər adlı beş komanda iştirak edərək müasir texnologiyaların tətbiqi əsasında təcili tibbi yardım və xilasetmə proseslərinin daha çevik və effektiv təşkili ilə bağlı hazırladıqları layihələri təqdim ediblər. Təqdimatlar zamanı ilk tibbi yardım bacarıqlarının inkişafı, insan faktorunun rolu, fövqəladə hallarda operativ reaksiya imkanlarının artırılması və texnoloji həllərin tətbiqi kimi məsələlər geniş müzakirə olunub.
Münsiflər heyəti tərəfindən komandaların təqdimatları innovativlik, praktik tətbiq imkanları və sosial əhəmiyyət meyarları üzrə qiymətləndirilib. Yarışmanın nəticələrinə əsasən Robotexniklər komandası I yerə, Qarabağ komandası II yerə, HSE TEAM komandası isə III yerə layiq görülərək növbəti mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, bu kimi hakaton və innovativ yarışmalar tələbələrin texnoloji bilik və bacarıqlarının inkişafına, onların real problemlərə yaradıcı və praktik həll yolları təqdim etmə qabiliyyətlərinin gücləndirilməsinə, həmçinin universitet–cəmiyyət əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir.