Mingəçevir Dövlət Universitetində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhatəsinin genişləndirilməsi” mövzusunda elmi-praktik seminar təşkil olunub. Universitetdə keçirilən tədbir narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təşviqi və hüquqi məlumatlılığın artırılması məqsədi daşıyıb.
Seminarın açılış nitqini MDU-nun hüquqşünası Polad Atayev edib. O, narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi sosial təhlükələrdən bəhs edərək gənclər və tələbələr arasında antinarkotik təbliğatının genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, həm də təhsil müəssisələrinin və cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edən mühüm istiqamətlərdən biridir.
Seminar çərçivəsində bir sıra məruzələr dinlənilib. Polad Atayev yeniyetmələr və tələbələr arasında antinarkotik təbliğat işinin genişləndirilməsi mövzusunda çıxış edərək maarifləndirmə tədbirlərinin rolundan danışıb. MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının əsas istiqamətləri barədə məlumat verib.
Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin həkim-narkoloqu Eldar Mustafayev narkotik asılılıq probleminin sosial və tibbi aspektlərinə toxunaraq bu sahədə ailələrin rolunun və valideyn məsuliyyətinin əhəmiyyətindən bəhs edib. MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Gültəkin Knyazova isə iradə gücü və motivasiyanın narkomaniyaya qarşı mübarizədə mühüm amillərdən biri olduğunu vurğulayaraq sağlam həyat tərzinin təbliği istiqamətində aparılan maarifləndirmə fəaliyyətindən danışıb.
Tədbir çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videomaterial nümayiş etdirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər, seminarlar və görüşlər təşkil olunur. Bu kimi təşəbbüslər tələbələrin hüquqi və sosial məlumatlılığının artırılmasına, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına mühüm töhfə verir.