Mingəçevir Dövlət Universitetində “Sənayedə İnnovativ Texnologiya İdeyaları” Startap Yarışı Keçirilib

Mingəçevir Dövlət Universitetində Biznes və menecment və İnformasiya Texnologiyaları kafedralarının birgə təşkilatçılığı ilə “Sənayedə İnnovativ Texnologiya İdeyaları” startap yarışı keçirilib. Tədbirin əsas məqsədi tələbələr arasında innovativ düşüncəni təşviq etmək, sənaye sahəsində tətbiq oluna biləcək yeni texnoloji həllərin hazırlanmasına dəstək vermək və gənclərin startap ekosisteminə cəlb olunmasını stimullaşdırmaqdır.

Yarışda universitetin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələr komandalar şəklində iştirak edərək öz startap layihələrini təqdim ediblər. İştirakçılar sənaye müəssisələrində istehsal proseslərinin optimallaşdırılması, avtomatlaşdırma sistemlərinin tətbiqi, süni intellekt və məlumat analitikası əsaslı həllər, enerji səmərəliliyinin artırılması və rəqəmsal idarəetmə texnologiyalarına yönəlmiş innovativ ideyalar irəli sürüblər.

Təqdim olunan layihələr münsiflər heyəti tərəfindən innovativlik səviyyəsi, texniki əsaslandırma, praktik tətbiq imkanları, iqtisadi səmərəlilik və təqdimat keyfiyyəti kimi meyarlar əsasında qiymətləndirilib. Münsiflər heyəti tələbələrin yaradıcı yanaşması və müasir texnologiyalardan istifadə bacarıqlarını yüksək qiymətləndirib.

Tədbir çərçivəsində vurğulanıb ki, bu cür startap yarışları tələbələrin sahibkarlıq düşüncəsinin formalaşmasına, innovativ layihələr üzərində işləmək bacarıqlarının inkişafına və sənaye sahəsi ilə universitet arasında əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Sonda qalib komandalar müəyyən olunaraq mükafatlandırılıb və tələbələrə gələcəkdə startap ideyalarını daha da inkişaf etdirmələri üçün tövsiyələr verilib.