2026-cı ilin 10 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektorunun Tədrisin təşkili və idarə olunması məsələləri üzrə müşaviri Ceyhun Mahmudov və iqtisadi məsələlər üzrə müşaviri Xaqani Cəfərov Özbəkistana işgüzar səfər çərçivəsində Şərof Rəşidov adına Səmərqənd Dövlət Universitetində olublar.
Səfər zamanı keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər akademik mübadilə proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mobilliyinin artırılması, innovativ və inklüziv tədris yanaşmalarının tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Türk dünyası universitetləri arasında əməkdaşlığın mühüm platformalarından biri olan “Orhun Mübadilə Proqramı” üzrə imkanların genişləndirilməsi də diqqət mərkəzində olub. Bu istiqamətdə qarşılıqlı iştirakın artırılması və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə edilib.
Eyni zamanda, ali təhsildə keyfiyyətin yüksəldilməsi, əlçatanlığın artırılması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi kimi məsələlərin önəmi vurğulanıb.
Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə konkret birgə layihələrin həyata keçirilməsi niyyətlərini ifadə ediblər.