2026-cı il 10 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) akademik heyət və tədqiqatçılar üçün “EBSCOhost platformasında effektiv axtarış strategiyaları və elmi resurslardan istifadə” mövzusunda təlim təşkil olunub.
Təlim elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının artırılması, tədqiqat prosesinin optimallaşdırılması və beynəlxalq elmi bazalara çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Tədbirdə çıxış edən təlimçi Səfərova Sevda EBSCOhost platformasının funksionallığı, imkanları və elmi tədqiqatlarda tətbiq sahələri barədə iştirakçılara ətraflı məlumat verib. O, platforma üzərindən elmi məlumatların axtarışı, seçilməsi və istifadəsi ilə bağlı praktiki yanaşmaları nümayiş etdirib.
Təlim çərçivəsində EBSCOhost-da əsas və təkmil axtarış mexanizmləri, Boolean operatorlarının (AND, OR, NOT) tətbiqi, müxtəlif filtr və məhdudlaşdırıcı vasitələrdən istifadə, eləcə də daha dəqiq və məqsədyönlü axtarış nəticələrinin əldə olunması üsulları izah edilib. Eyni zamanda platformada tam mətnə çıxış imkanlarının yoxlanılması, uyğun elmi jurnalların müəyyənləşdirilməsi və elmi resursların səmərəli idarə olunması məsələlərinə də toxunulub.
İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında praktik izahlar verilib və elmi fəaliyyətin daha effektiv təşkili ilə bağlı tövsiyələr təqdim olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu kimi təlimlərin təşkili tədqiqat mühitinin inkişafına, akademik heyətin beynəlxalq elmi məlumat bazalarından istifadə bacarıqlarının artırılmasına və universitetin elmi fəaliyyətinin keyfiyyətcə yüksəldilməsinə mühüm töhfə verir.