Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən Mingəçevir Su Elektrik Stansiyasında “Su–enerji–ərzaq əlaqəsi və dayanıqlı inkişaf” mövzusunda genişmiqyaslı maarifləndirici təlim təşkil olunub. Təlimin əsas məqsədi su, enerji və ərzaq resursları arasındakı strateji qarşılıqlı əlaqə barədə məlumatlılığı artırmaq, onların sosial-iqtisadi inkişafdakı rolunu izah etmək və tələbə-gənclərin ekoloji balansın qorunması istiqamətində biliklərini gücləndirmək olub.
Təlimi giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının müdiri Kamalə Eyyubova müasir dövrdə Su–Enerji–Ərzaq (WEF Nexus) modelinin aktuallığından bəhs edib. O, resursların ayrı-ayrılıqda deyil, vahid sistem kimi idarə olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, enerji keçidi və iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarının səmərəli idarə olunması birbaşa enerji təhlükəsizliyinə və ərzaq zəncirinin dayanıqlılığına təsir göstərir. Qeyd olunub ki, universitetin əsas məqsədlərindən biri gənc mütəxəssislərdə resursların inteqrasiya olunmuş və səmərəli idarə edilməsi ilə bağlı müasir yanaşmalar formalaşdırmaqdır.
Mingəçevir Su Elektrik Stansiyasının Texniki İstehsalat şöbəsinin müdiri Əli İbrahimli çıxışında hidroelektrik stansiyaların həm elektrik enerjisinin istehsalı, həm də su ehtiyatlarının tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, istehsalat proseslərində texniki təhlükəsizlik qaydalarına riayət olunması və hər damla sudan səmərəli istifadə ekoloji tarazlığın qorunması və dayanıqlı enerji istehsalının təmin olunması baxımından əsas amillərdəndir.
Təlim çərçivəsində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimləri Gülnaz İsmayılova və Gülnar Nəsirova su, enerji və ərzaq resurslarının qarşılıqlı asılılığının iqtisadi aspektləri ilə bağlı geniş təqdimatlarla çıxış ediblər. Təqdimatlarda vurğulanıb ki, kənd təsərrüfatında ərzaq istehsalı birbaşa su və enerji resurslarından asılıdır, enerji istehsalında isə su ehtiyatlarından istifadə bu üç amil arasında güclü əlaqə yaradır. Bildirilib ki, resursların vahid sistem kimi idarə olunması dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm rol oynayır.
Təlim zamanı Energetika kafedrasının magistrantı Sevda Əliyeva enerji istehsalı proseslərində suyun rolu və alternativ enerji mənbələrinin əhəmiyyəti barədə texniki məlumatlar təqdim edib. O vurğulayıb ki, enerji sistemlərinin dayanıqlı inkişaf prinsiplərinə uyğun idarə olunması təbii resursların qorunmasına mühüm töhfə verir.
Təlimin sonunda iştirakçılarla su ehtiyatlarının qorunması, ərzaq təhlükəsizliyinin təmin olunması və enerjidən səmərəli istifadənin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində tələbə və gənc mütəxəssislərdə məsuliyyətli resurs idarəçiliyi və ekoloji düşüncə tərzinin formalaşdırılmasına mühüm töhfə verir.