Mingəçevir Dövlət Universitetinin müəllimi Çində süni intellekt və innovativ təhsil texnologiyalarına həsr olunmuş beynəlxalq təlim-seminarda iştirak edib

Çin Xalq Respublikasında təhsil sahəsində innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqinə həsr olunmuş beynəlxalq təlim-seminar keçirilib. Çin Xarici İqtisadi Ticarət Universiteti tərəfindən təşkil olunan proqramda Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müəllimi Şahnaz Məhişzadə iştirak edib.

Beynəlxalq təlim proqramı çərçivəsində ali təhsil sistemində rəqəmsal transformasiya prosesləri, innovativ tədris metodları və süni intellekt texnologiyalarının təhsil mühitində tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub. İştirakçılara süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi və təhsilin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən müasir yanaşmalar barədə ətraflı məlumat verilib.

Seminar zamanı innovativ öyrənmə modelləri, rəqəmsal təhsil alətləri və müasir pedaqoji yanaşmalar təqdim olunub. Beynəlxalq ekspertlər süni intellekt texnologiyalarının təhsilin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və gələcəyin təhsil ekosisteminin formalaşdırılmasındakı rolundan bəhs ediblər.

Tədbir çərçivəsində əmək bazarında baş verən qlobal dəyişikliklər, yeni bacarıq tələbləri və gələcəyin peşələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçılar Çin universitetlərinin rəqəmsallaşma, innovasiya və təhsil idarəçiliyi sahəsində qabaqcıl təcrübələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Təlim proqramının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Mingəçevir Dövlət Universitetinin müəlliminin belə nüfuzlu beynəlxalq təlim proqramında iştirakı universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına, qabaqcıl təhsil təcrübələrinin öyrənilməsinə və süni intellekt əsaslı innovativ yanaşmaların tədris prosesində tətbiqinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.