Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində iştirakçılar üçün ölkənin enerji infrastruktur obyektlərinə infotur təşkil olunub.
İnfotur çərçivəsində düşərgə iştirakçıları ilk olaraq “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzini ziyarət ediblər. Burada onlara elektrik şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə sistemi, real vaxt rejimində monitorinq prosesləri, rəqəmsal idarəetmə həlləri və enerji sektorunda tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar “Azərenerji” ASC-nin Mingəçevir şəhərində yerləşən İstilik Elektrik Stansiyasında olublar. Səfər zamanı stansiyanın fəaliyyət istiqamətləri, elektrik enerjisinin istehsal prosesi, texnoloji imkanları və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol haqqında geniş təqdimat keçirilib.
İnfotur çərçivəsində “Azərişıq” ASC-nin məsul əməkdaşı tərəfindən SCADA sistemlərinin iş prinsipi, enerji infrastrukturunun etibarlı və dayanıqlı idarə olunmasındakı rolu, eləcə də bu sistemlərin kibertəhlükəsizlik baxımından əhəmiyyəti barədə iştirakçılara təlim keçirilib.
Ümumi olaraq, infoturun məqsədi gənclərin enerji sektoru, SCADA sistemləri və strateji infrastrukturun mühafizəsi sahəsində biliklərini genişləndirmək, nəzəri bacarıqlarını real iş mühiti ilə əlaqələndirmək və onları vacib əhəmiyyətli obyektlərdə tətbiq olunan müasir texnologiyalarla yaxından tanış etmək olub.
Qeyd edək ki, 6–11 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir. Düşərgə ərzində iştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə intensiv təlimlərdə iştirak edib, komanda tapşırıqları və kiber yarışlar vasitəsilə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı qazanıblar.