Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair infosessiya təşkil olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Fidan İsmayılzadə və Şəbnəm Quliyeva çıxış edərək proqramın məqsədləri, məzmunu və iştirak şərtləri barədə tələbələrə ətraflı məlumat veriblər.
Təqdimat zamanı bildirilib ki, “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən proqram 4 ay müddətində davam edəcək. “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Nazirliyin müxtəlif struktur bölmələrində və tabeli qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd olunub ki, proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, həmçinin son 3 il ərzində məzun olmuş şəxslər üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini praktikada tətbiq etmələrinə şərait yaratmaq və peşəkar vərdişlərini formalaşdırmaqdır.
Həmçinin vurğulanıb ki, əvvəlki illərdə proqram uğurla icra olunub və yüzdən artıq məzun bu təşəbbüs çərçivəsində təcrübə keçərək karyera inkişafı baxımından mühüm nailiyyətlər əldə edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətraflı şəkildə izah olunub.