Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə “Sağlam addımlar” mövzusunda tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Verdiyeva Ülviyyə Məhəmmədəli qızının təşəbbüsü ilə 2025-ci ilin 1 may tarixində Mingəçevir şəhər 16 saylı “Aynur” adına körpələr evi-uşaq bağçasında “Sağlam addımlar” mövzusunda estafet və sağlamlıq oyunlarından ibarət maarifləndirici tədbir təşkil olunub.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG), xüsusilə sağlam həyat tərzinin təşviqi istiqamətində keçirilən tədbirin əsas məqsədi uşaqlarda sağlam həyat vərdişlərinin formalaşdırılması, fiziki bacarıqların və koordinasiyanın inkişaf etdirilməsi, eləcə də komanda işi və sosial bacarıqlara marağın artırılması olub.

Tədbiri giriş sözü ilə açan müəssisə rəhbəri Kamilə İlyasova iştirakçıları salamlayaraq bu cür təşəbbüslərin uşaqların sağlam inkişafında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin MT23.2 qrupunun tələbələri də iştirak ediblər. Müzakirələr zamanı bağçanın metodisti Şölə İsaqova çıxış edərək qeyd edib ki, bu kimi tədbirlər uşaqların sağlamlıqla bağlı biliklərini praktik fəaliyyətlər vasitəsilə mənimsəməsinə, fiziki bacarıqlarının inkişafına və sosiallaşmasına müsbət təsir göstərir. Tibb bacısı Aytəkin İsmayılova isə uşaqlarda sağlam qidalanma və gigiyena vərdişlərinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində estafet oyunları, top və digər idman vasitələrindən istifadə, “vitamin səbəti” rekvizitləri və maneə zolaqları ilə təşkil olunmuş hərəkətli tapşırıqlar həyata keçirilib. Eyni zamanda “Sağlam qida” və “İdman və sağlamlıq” mövzularını əhatə edən vizual materiallar nümayiş etdirilib, uşaqlarla interaktiv sual-cavab aparılıb. Tədbir “Sağlamlıq yolunda addımlar” oyunu ilə əyləncəli şəkildə yekunlaşıb.

Tədbirin sonunda uşaqlarda sağlam həyat tərzi vərdişlərinin daha da möhkəmləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb. Qeyd olunub ki, uşaqların bağçada öyrəndikləri sağlam vərdişlərin gündəlik fəaliyyətlərdə tətbiqi, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və böyüklərin nümunəvi davranış sərgiləməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər uşaqlarda sağlam həyat tərzi vərdişlərinin formalaşmasına, onların fiziki, sosial və emosional inkişafının gücləndirilməsinə mühüm töhfə verir.