Mingəçevir Dövlət Universiteti Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

 

4 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının 2019/2020-ci tədris ilində ilk icladı keçirilib. Genişləndirilmiş iclasda universitetin bütün professor-müəllim və inzibati-texniki heyət üzvləri, eləcə də bir qrup tələbə iştirak edib.

İclası açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov yeni tədris ilində hər bir əməkdaşa tədris, elmi və şəxsi fəaliyyətdə uğurlar arzulayıb.

Ş.Bayramov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivin bütün üzvlərini təbrik edib, onlara çətin və şərəfli işlərində yeni-yeni uğurlar diləyib. Rektor keçmiş, indiki və gələcək tələbələrin onların üzərlərində böyük əməyi olan müəllimləri daim sevindirməsini arzu edib.

Universitetin ali idarəetmə orqanı olan Elmi Şuranın fəaliyyətinə tələbələrin aktiv şəkildə cəlb olunacağını bildirən Ş.Bayramov yeni tədris ilində Elmi Şurada müzakirə olunacaq strateji məsələlər barədə ətraflı məlumat verib. Sonra MDU Elmi Şurasının 2019/2020-ci tədris ili üçün İş Planı təsdiq olunub.

Daha sonra MDU-nun tədris hissəsinin müdiri Xatın Yusubovanın 2018/2019-cu tədris ilinin yaz və yay imtahan sessiyalarının yekunlarına dair hesabatı dinlənilib. Ş.Bayramov gələcəkdə hesabatın təqdimat formasının təkmilləşdirilməsinin vacibliyini, məzmunda daha çox müqayisəli təhlilə üstünlük verilməsinin önəmini və məlumatda keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına dair təkliflərə yer ayrılmasının əhəmiyyətini vurğulayıb. Sonda 2018/2019-cu tədris ilinin yaz və yay imtahan sessiyalarının yekunlarına dair hesabat qəbul olunub.

İclasda X.Yusubova 2019/2020-ci tədris ili üçün MDU-nun bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu haqqında məlumat verib. Tələbə qəbulu planının dolması göstəriciləri (qəbul olunanlar üzrə 94,0%, qeydiyyatdan keçənlər üzrə 84,0%), universitetə rekord sayda tələbə qəbul olunması (651 bakalavr), bakalavriat səviyyəsinə qəbul aparılan 23 ixtisas üzrə orta qəbul balları və digər məsələlər diqqətə çatdırılıb. 2020/2021-ci tədris ilində tələbə qəbulunun yeni təsnifat üzrə aparılacağını qeyd edən Ş.Bayramov cari ildə ixtisaslar üzrə tələbə qəbulunun hərtərəfli təhlil olunması və növbəti tədris ili üçün tələbə qəbulu proqnozuna dair əsaslandırılmış təkliflərin hazırlanması üçün fakultə dekanlarına konkret tapşırıqlar verib. Sonra 2019/2020-ci tədris ili üçün MDU-nun bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu haqqında məlumatın nəzərə alınmasına dair qərar qəbul olunub.

Rektor 2019/2020-ci tədris ilində qarşıda duran vəzifələr haqqında ətraflı danışıb. Əsas hədəfin MDU-nu paytaxt universitetləri səviyyəsinə qaldırmaqdan ibarət olduğunu vurğulayan Ş.Bayramov həmin hədəfə çatmaq üçün bütün professor-müəllim və tələbə heyətinin potensialından istifadə olunacağını diqqətə çatdırıb. O, yeni tədris ilinə hazırlıqla bağlı imzalanmış əmrdə dekanlar, kafedra müdirləri və digər struktur bölmə rəhbərlərinə konkret tapşırıqların verildiyini bildirib. O, tədris prosesinin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, yerli və xarici universitetlərlə əməkdaşlıq, idarəetmədə innovativ metodların tətbiqi, müvafiq struktur dəyişikliklərinin aparılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Ş.Bayramov cari ildə MDU-da ilk dəfə olaraq “Oriyentasiya günü” keçirildiyini, Bilik günü tədbirinin təşkil olunduğunu, MDU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edildiyini və iki univetsitet arasında əməkdaşlıq protokolunun imzalandığını xatırladıb. Qısa müddət ərzində tədris otaqlarının döşəmələrinin yenilənməsi, parta-stul təminatının yaxşılaşdırılması, informasiya texnologiyaları ilə təchizatın genişləndirilməsi sahəsində görülmüş işlərdən bəhs efən rektor tədris vəsaitləri ilə təminat, inventarların yenilənməsi və digər məsələlər üzrə planlaşdırılan addımlar haqqında danışıb.

MDU-nun tədris işləri üzrə prorektoru Akif Hacıyev müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüb. Sonda 2019/2020-ci tədris ilində qarşıda duran vəzifələr barədə məlumatın nəzərə alınması barədə qərar qəbul olunub.

Sonda Azərbaycan Respublikasının Təhsil nazirinin 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə imzaladığı əmri oxuyan Ş.Bayramov həmin əmrlə MDU-nun iki əməkdaşının “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, beş əməkdaşının isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunduğunu diqqətə çatdırıb. Bu münasibətlə Azərbaycan Respublikasının Təhsil nazirinə kollektiv adından təşəkkür edən Ş.Bayramov MDU rektorunun əmri ilə əlavə səkkiz əməkdaşın “Universitetin fəxri fərmanı” ilə təltif olunduğu barədə məlumat verib. Hər iki məlumat iclas iştirakçıları tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

İclas başa çatdıqdan sonra səhnə MDU tələbələrinin ixtiyarına verilib. Tələbələrin 5 oktyabr – Beynəlxalq Müıllimlər Günü münasibətilə hazırladıqları şeirlər, musiqilər və xor qrupunun ifaları müəllimlərin sürəkli alqışları ilə qarşılanıb.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

{phocagallery view=category|categoryid=194|limitstart=0|limitcount=0}