Mingəçevir Dövlət Universiteti və Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti əməkdaşlıq edəcək

2024-cü il martın 4-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

MDU-nun rektoru Şahin Bayramov Latviya Respublikasına etdiyi səfər çərçivəsində RISEBA Tətbiqi Elmlər Universitetində olub. Səfər zamanı Ş.Bayramov Azərbaycanın Latviyadakı Səfirliyinin diplomatı Bəxtiyar Musayev ilə birlikdə RISEBA Universitetinin rektoru Lucija Rutka, həmçinin ali təhsil ocağının idarə heyəti üzvləri və prorektorları ilə keçirilən məhsuldar görüşdə də iştirak edib. Görüş zamanı universitetin elmi-pedaqoji potensialı və müasir infrastrukturu ilə yaxından tanışlıq olub,  universitetlər arasında potensial əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Anlaşma Memorandumu imzalayan rektorlar qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

Qeyd edək ki, universitetlər arasında əməkdaşlıq təhsil və tədqiqat sahəsindəki əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır. Memorandumda tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər müvafiq materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.