Mingəçevir Dövlət Universitetində “Sıfır Qida İsrafı” mövzusunda startap yarışması keçirilib

  • Post category:Events

Mingəçevir Dövlət Universitetində davamlı inkişaf və ekoloji məsuliyyət prinsiplərinin təşviqi məqsədilə “Sıfır Qida İsrafı” mövzusunda startap yarışması təşkil olunub. Fizika və ekologiya kafedrası ilə İnformasiya Texnologiyaları kafedrasının birgə təşəbbüsü ilə keçirilən yarışmanın əsas məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, qida resurslarından səmərəli istifadə ilə bağlı maarifləndirmənin artırılması və innovativ biznes ideyalarının inkişaf etdirilməsi olub.

Yarışma çərçivəsində qida tullantılarının qlobal miqyasda yaratdığı sosial-iqtisadi və ekoloji problemlər diqqətə çatdırılıb. Bildirilib ki, hər il dünyada milyonlarla ton qida tullantısı yaranır və bu vəziyyət həm təbii resursların səmərəsiz istifadəsinə, həm də ekoloji tarazlığın pozulmasına səbəb olur.

Startap yarışmasında iştirak edən tələbə komandaları qida israfının qarşısının alınması istiqamətində innovativ ideyalar təqdim ediblər. Layihələrdə artıq qidaların effektiv paylaşılması, restoran və mağazalarda qalan qidaların mobil tətbiqlər vasitəsilə idarə olunması, ağıllı logistika sistemlərinin qurulması, qida resurslarının optimallaşdırılması və tullantıların azaldılmasına yönəlmiş texnoloji həllər kimi istiqamətlər əhatə olunub.

Tədbir zamanı iştirakçılar hazırladıqları startap layihələrini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə prosesində layihələrin innovativliyi, praktiki tətbiq imkanları, sosial və ekoloji təsiri, eləcə də texnoloji əsaslandırılması əsas meyarlar kimi nəzərə alınıb. Münsiflər heyəti tərəfindən seçilən ən uğurlu ideyalar xüsusi olaraq qeyd olunub və layihələrin gələcəkdə inkişaf etdirilməsi üçün iştirakçılara müvafiq tövsiyələr verilib.

Yarışma tələbələrin sahibkarlıq və innovasiya bacarıqlarının inkişaf etdirilməsi, onların real problemlərin həlli üçün texnologiya əsaslı ideyalar irəli sürməyə təşviq olunması baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər tələbələrin startap ekosisteminə inteqrasiyasına, innovativ düşüncənin formalaşdırılmasına və davamlı inkişaf məqsədlərinə uyğun layihələrin təşviqinə mühüm töhfə verir.