Mingəçevir Dövlət Universitetində “Su çatışmazlığı və iqlim” mövzusuna həsr olunmuş elmi-praktiki seminar keçirilib. Seminarda su ehtiyatlarının azalması, iqlim dəyişmələrinin səbəbləri və onların təbiətə təsiri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirdə Təbiət elmləri kafedrasının müəllimi Gülmirə Məmmədova “Su çatışmazlığı və onu yaradan səbəblər” mövzusunda çıxış edərək dünyada və regionda su ehtiyatlarının azalmasına təsir edən əsas amillərdən danışıb, su resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayıb.
Daha sonra kafedranın digər müəllimi Fəridə Həsənli “Qlobal iqlim dəyişmələri və onların formalaşmasında insan fəaliyyətinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sənayeləşmə, atmosferə atılan istixana qazları və digər antropogen faktorların iqlimə təsiri barədə ətraflı məlumat verilib.
Seminar çərçivəsində Təbiət elmləri kafedrasının müəllimi Natəvan Vəliyeva “İqlim dəyişməsi və içməli su resurslarının davamlı idarə olunması” mövzusunda çıxış edərək su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və gələcək nəsillər üçün saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə həmçinin Kimya və Biologiya müəllimliyi ixtisası üzrə KB24 saylı qrupun tələbəsi Əli Kərimov “İqlim dəyişmələrinin heyvanlar aləmi üzərində təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, iqlim dəyişmələrinin canlıların yaşayış mühitinə, biomüxtəlifliyə və ekosistemlərin tarazlığına təsiri haqqında məlumat verib.
Seminar iştirakçıların su ehtiyatlarının qorunması və iqlim dəyişmələri ilə mübarizənin vacibliyi barədə fikir mübadiləsi aparması ilə yekunlaşıb.