Mingəçevir Dövlət Universitetində “Tələbə Debat Forumu: Su və Cəmiyyət” — təmiz suya çıxış və sanitariya mövzusunda debat yarışı keçirildi

Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən CreART Klubu və Debat Klubunun birgə təşkilatçılığı ilə tələbələr üçün debat yarışı keçirilib.

Debat yarışı su ehtiyatlarının qorunması, təmiz içməli suya əlçatanlığın artırılması və sanitariya ilə bağlı çağırışlar mövzusuna həsr olunaraq ətraf mühitin mühafizəsi, ictimai sağlamlıq və dayanıqlı resurs idarəçiliyi kimi istiqamətlərdə maarifləndirici müzakirələrin aparılmasına şərait yaradıb.

Yarışda Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir Turizm Kollecinin (MTK) tələbələri iştirak edərək mövzu üzrə arqumentlərini debat formatında təqdim edib, faktlara əsaslanan çıxışlar vasitəsilə qarşılıqlı fikir mübadiləsi aparıblar. Tələbələr suyun qorunmasının sosial rifah, ekoloji balans və gələcək nəsillərin ehtiyaclarının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb, mövzuya müxtəlif yanaşmalar çərçivəsində çıxış ediblər.

Tədbirin əsas məqsədi tələbələr arasında ekoloji düşüncənin, ictimai fəallığın və məsuliyyətli vətəndaşlıq yanaşmasının gücləndirilməsi, eləcə də dayanıqlı inkişaf gündəliyinə uyğun olaraq su resurslarının qorunması ilə bağlı məlumatlılığın artırılması olub.

Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərin aktual sosial və ekoloji problemlərə dair analitik düşünmə bacarıqlarını inkişaf etdirir, birgə əməkdaşlıq və ünsiyyət mədəniyyətini gücləndirir, həmçinin universitet–kollec tərəfdaşlığı çərçivəsində dayanıqlı inkişaf dəyərlərinin təşviqinə töhfə verir.