Mingəçevir Dövlət Universiteti dayanıqlı şəhər ideyalarını “Urban Vision Mingəçevir” hakatonunda bir araya gətirdi: Tələbələr 28 startap ideyası təqdim etdilər

2025-cı ilin 14 oktyabr tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Urban Vision Mingəçevir 2026” Startap Hakatonu keçirilib. Təşəbbüs şəhərin innovativ inkişaf baxışını, gənclərin texnoloji potensialını və müasir urban yanaşmaları bir platformada birləşdirən mühüm tədbir kimi yadda qalıb.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, startap layihələrinə maraq göstərən gənclər, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hakaton çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və tədbir iştirakçıları olan rəsmilər sərgilənən startap layihələri ilə tanış olublar. Onlara layihələr barədə ətraflı məlumat təqdim olunub.

Layihələrlə tanışlıq zamanı İlham İsmayılov şəhərsalma prosesində innovativ yanaşmaların, rəqəmsal həllərin və gənclərin təşəbbüskarlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir şəhər modeli yalnız infrastrukturla deyil, texnologiya və insan kapitalının vəhdəti ilə formalaşır. O, gənclər tərəfindən təqdim olunan layihələrin şəhərin aktual problemlərinə praktik və tətbiq oluna bilən ideyalar təqdim etdiyini qeyd edib.

Anar Eminov isə universitetdə formalaşan innovasiya mühitinin və tələbələrin startap təşəbbüslərinin əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür layihələr gənclərin yaradıcı potensialının üzə çıxarılmasına, həmçinin şəhərin dayanıqlı inkişafına töhfə verir. Rektor qeyd edib ki, tələbə və mentorların birgə hazırladıqları layihələr ekoloji tarazlıq, enerji səmərəliliyi, təhlükəsizlik və rəqəmsal idarəetmə kimi sahələrdə real həllər təqdim edir, həmçinin keçirilən hakaton universitetin 2026-2030-cu illəri əhatə edən İnkişaf Strategiyasına uyğun təşkil edildiyini diqqətə çatdırıb.

Ardınca startap layihələrinin qiymətləndirilməsi mərhələsi keçirilib. Münsiflər heyəti startapları innovativlik, tətbiq imkanları, sosial təsir və davamlılıq meyarları əsasında dəyərləndirmə apararaq qalib komandaları elan edəcəklər.

MDU-nun tələbələri tərəfindən ümumilikdə 28 startap layihəsi hakatonda sərgilənib. Təqdim olunan layihələr ağıllı şəhər və rəqəmsal idarəetmə platformalarının yaradılması, vətəndaş müraciətlərinin interaktiv sistemlər üzərindən izlənməsi, nəqliyyat və yol hərəkətinin süni intellekt əsaslı idarə olunması, su resurslarının IoT texnologiyaları vasitəsilə monitorinqi və ekoloji risklərin erkən aşkarlanması, bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji effektivliyinin artırılması, köhnə yaşayış massivlərinin estetik və funksional yenilənməsi, yaşıl divar və abadlıq həlləri, sahil zonalarının sosial məkan kimi aktivləşdirilməsi, tullantıların çeşidlənməsi və sıfır tullantı təşəbbüsləri, aqrar məhsulların paketlənməsi və logistika infrastrukturunun qurulması, eləcə də gənclərin məşğulluğunun artırılmasına yönəlmiş ixtisas yönümlü təhsil modellərini əhatə edib.

Layihələr şəhərin təhlükəsizliyi, ekoloji balansı, resurslardan səmərəli istifadə və inklüziv ictimai mühitin formalaşdırılması kimi aktual istiqamətləri ön plana çıxarıb.

Qeyd edək ki, “Urban Vision Mingəçevir ”  Startap Hakatonu gənclərin texnoloji bacarıqlarının üzə çıxarılması, şəhər mühitinin dayanıqlı inkişafına yönəlmiş innovativ həllərin təşviqi və universitet-şəhər əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb. Tədbir eyni zamanda Mingəçevirin ekoloji həssas, təhlükəsiz və rəqəmsal transformasiyaya açıq şəhər modelinə doğru atdığı addımların mühüm göstəricisi kimi qiymətləndirilir.