Mingəçevir Dövlət Universitetində “Fəal interaktiv təlim: bu asandır” mövzusunda ustad dərs keçirilib

  • Post category:Pedaqogika

Mingəçevir Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, müasir təlim texnologiyalarının tətbiqinin genişləndirilməsi və gələcək müəllim kadrlarının peşəkar kompetensiyalarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə universitetin Pedaqoji fakültəsi və Humanitar fənlər kafedrasının birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib.

Ustad dərs Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Allahverdi oğlu Yusifov tərəfindən “Fəal interaktiv təlim: bu asandır” mövzusunda təqdim olunub. Tədbir əsasən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbələrini əhatə edərək onların nəzəri biliklərinin praktik tətbiq imkanlarının genişləndirilməsinə xidmət edib.

Dərs zamanı fəal və interaktiv təlim metodlarının mahiyyəti, onların müasir təhsil sistemində rolu və tələbəyönümlü yanaşmanın əhəmiyyəti elmi əsaslarla izah olunub. Eyni zamanda, müəllimlik peşəsinin spesifik xüsusiyyətləri, pedaqoqun şəxsi və peşəkar keyfiyyətləri, auditoriya ilə effektiv ünsiyyət qurma bacarıqları və innovativ dərs modellərinin qurulması məsələləri geniş şəkildə şərh edilib. Təlim prosesində müxtəlif interaktiv üsullardan istifadə olunaraq tələbələrin dərsə fəal cəlb olunması təmin edilib, onların analitik düşünmə, müstəqil fikir yürütmə və müzakirə aparma bacarıqları inkişaf etdirilib.

Ustad dərs tələbələr üçün motivasiyaedici platforma rolunu oynayaraq onların gələcək peşə fəaliyyətinə daha məsuliyyətli və yaradıcı yanaşmalarını stimullaşdırıb. Tədbirin sonunda tələbələrin sualları ətraflı cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür ustad dərslər MDU-da təhsilin keyfiyyətinin artırılması, müasir pedaqoji yanaşmaların tətbiqi və rəqabətqabiliyyətli müəllim kadrlarının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.