Mingəçevir Dövlət Universitetində (MDU) xaricdə təhsil təcrübə proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib

MDU-da Beynəlxalq Əməkdaşlıq Ofisinin rəhbəri Samirə Əhmədovanın təqdimatında universitetin tələbə heyətinə beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib.

Samirə Əhmədova görüş zamanı beynəlxalq təhsil imkanlarının gənclərin peşəkar və akademik inkişafında oynadığı önəmli rolu vurğulayıb. Xaricdə təhsil almaq istəyən tələbələrin qarşısında duran şərtləri və müraciət üçün lazım olan sənədlərin siyahısını təqdim edib.

S. Əhmədova, həmçinin bir sıra xarici universitetlərlə əməkdaşlıq çərçivəsində təqdim olunan bakalavr və magistr proqramlarını təfərrüatları ilə izah edib. Bunlar arasında Latviya, Türkiyə, Sloveniya, Rumıniya və İspaniyadakı nüfuzlu universitetlərin təklif etdiyi təhsil imkanları, MDU-nun sözügedən universitetlərlə əməkdaşlıq çərçivəsində bir çox tələbəsinin xaricdə təhsil imkanlarından yararlandığını qeyd edib. İştirakçılar, həm biznesin idarə edilməsi, həm də mühəndislik və ekologiya kimi müxtəlif sahələrdə bakalavr və magistr proqramları haqqında geniş məlumat əldə edib.

Sessiya ərzində iştirakçılar Samirə Əhmədovaya suallar ünvanlayıb və proqramlarla bağlı əlavə məlumat əldə ediblər. Tədbir, tələbələrin xaricdə təhsil və mübadilə proqramlarına dair düşüncələrini genişləndirmək baxımından uğurlu olub. Görüşün sonunda beynəlxalq əməkdaşlıq ofisinin gələcək fəaliyyət planları da müzakirə edilib.

Qeyd edək ki, məlumatlandırıcı görüş, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və tələbələrin qlobal təhsil imkanlarından faydalanması üçün əhəmiyyətlidir.