Mingəçevir Dövlət Universitetində enerji keçidi və karbon emissiyalarının azaldılması mövzusunda təlim keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Energetika kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə Energetika mühəndisliyi və Elektrik elektronika mühəndisliyi ixtisaslarının tələbələri üçün “Enerji Keçidi (Energy Transition) və Karbon Emissiyalarının Azaldılması Strategiyaları” mövzusunda təlim keçirilib.

Təlim zamanı Energetika kafedrasının müəllimi Əliyeva Mədinə bərpa olunan enerji mənbələrinin inkişafı, xüsusilə su, külək və günəş elektrik stansiyalarının enerji sistemində rolu barədə geniş məlumat verib. O, bu enerji mənbələrinin ekoloji cəhətdən təmiz olması, karbon emissiyalarının azalmasına töhfə verməsi və enerji istehsalında dayanıqlı alternativ kimi əhəmiyyətini vurğulayıb.

Çıxış zamanı qeyd olunub ki, yaşıl enerjiyə keçid müasir dövrdə qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm istiqamətlərdən biridir. Bildirilib ki, su elektrik stansiyaları sabit və etibarlı enerji istehsalı təmin etdiyi halda, külək və günəş elektrik stansiyaları tükənməyən təbii resurslardan istifadə etməklə enerji balansının şaxələndirilməsinə imkan yaradır.

Təlimdə vurğulanıb ki, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi atmosferə atılan zərərli qazların miqdarını azaltmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı iqtisadi inkişafına mühüm töhfə verir. Eyni zamanda qeyd olunub ki, bu sahədə inkişaf enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.

Təlim çərçivəsində tələbələrlə yaşıl enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr keçirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin peşəkar bilik və bacarıqlarının artırılması, onların müasir qlobal çağırışlara uyğun kompetensiyalar əldə etməsi istiqamətində mütəmadi olaraq müxtəlif təlim və seminarlar təşkil olunur.